YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Səbail rayon təşkilatının fəalları Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsini ziyarət etdilər

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşkilatçılığı və bir qrup bağça-məktəb müəllimlərinin təşəbbüsü ilə Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsində yaşayan müharibə və əmək əlilləri ilə görüş keçirildi. Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə gözəl musiqi proqramının və süfrənin təşkil olunduğu tədbirdə partiya fəalları ahıllarla birlikdə yaddaqalan bir gün keçirdilər. Oxuyan, rəqs edən, əylənən ahıllar həm də qonaqlar üçün özlərinin yazdıqları şerləri səsləndirdilər.

Ahıllarla görüşən, səmimi söhbət edən, onların yaşayış şəraiti, gündəlik məişəti ilə yaxından maraqlanan Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev zəngin həyat təcrübəsi olan bu insanlarla və Sosial Xidmət müəssisəsində onlar üçün yaradılmış gözəl şəraitlə tanış olmaqdan son dərəcə məmnun olduğunu ifadə edərək bugünkü görüşdə buranın sakinlərinin səmimiliyi, həyata pozitiv baxışları, eləcə də müəssisənin direktoru Qətibə Əsədova başda olmaqla bütün kollektivin qonaqpərvərliyinin çox xoş təəssürat yaratdığını bildirdi. Sakinlərin hər birinin fərqli dünyasını, özəl və diqqətəlayiq davranışlarını xüsusi vurğulayan deputat qeyd etdi ki, burada olduğumuz bir neçə saat ərzində biz şairlər, rəssamlar, aktrisalar, hətta 26 ildir ki, Yeni Azərbaycan Partiyasının üzvü olan partiya veteranları ilə tanış olduq.

Ş.Hacıyev ahıllar və veteranlarla bu görüşün Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümünün qeyd olunduğu tarixə təsadüf etməsindən və bu əlamətdar tarixi məhz xüsusi diqqət və qayğıya ehtiyacı olan yaşlı insanlarla birlikdə qeyd etdikləri üçün çox şad olduğunu bildirərək diqqətə çatdırdı ki, müstəqil müasir Azərbaycan dövlətçiliyinin qurulmasında və ölkəmizin ictimai-siyasi həyatında müstəsna rolu və yeri olan Yeni Azərbaycan Partiyası öz sıralarında cəmiyyətin bütün zümrələrini, o cümlədən ahılları və veteranları birləşdirir və onlar partiya sıralarında bu gün də fəal iştirak edirlər.

Yeni Azərbaycan Partiyasının təsis olunmasını zəruri edən obyektiv səbəblər, tarixi şərait və müstəqilliyin ilk illərində ölkəmizdə mövcud olan acınacaqlı ictimai-siyasi vəziyyət, hakimiyyət böhranı və təhlükələr haqqında danışan deputat Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi üçün yerinə yetirdiyi taleyüklü xilaskarlıq missiyalarını xüsusi vurğuladı. Millət vəkili qeyd etdi ki, müstəqil Azərbaycanın İlham Əliyev dövrü dinamik inkişaf, tərəqqi, modernləşmə dövrüdür. Bu gün Azərbaycan, cəmiyyət həyatının bir çox sahələrinin inkşafında misilsiz uğurlara və nailiyyətlərə imza atır. Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin milli maraqlara söykənən siyasətinin başlıca amalı Azərbaycanı müstəqil, qüdrətli və güclü sosial rifah dövlətinə çevirmək və işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməkdir. İqtisadiyyat inkişaf etdikcə əhalinin, o cümlədən xüsusi qayğıya ehtiyacı olan insanların, ahılların, əlillərin, veteranların, şəhid ailələrinin, kimsəsizlərin sosial rifahının yüksəldilməsi üçün əlavə imkanların yaranması haqqında ətraflı məlumat verən Ş.Hacıyev bildirdi ki, 2019-cu ilin əvvəlindən uğurla icra olunan sosial proqramlar çərçivəsində 4 milyon 200 min nəfər əhalinin həyat səviyyəsi yüksəlib, bu məqsədlər üçün 4 mlrd. AZN vəsait sərf olunub. 2020-ci ilin büdcəsinin Azərbaycanın müstəqillik tarixinin ən sosialyönümlü büdcəsi olduğunu vurğulayan deputat qeyd etdi ki, büdcənin 39%-i sosial xərclər üçün nəzərdə tutulub, bu isə o deməkdir ki, əməkhaqları, pensiyalar, müavinətlər yenə artırılacaq və əhalinin həyat səviyyəsi daha da yüksələcəkdir.

Bugünkü görüşdən məmnunluğunu ifadə edən Ş.Hacıyev xüsusi qayğıya ehtiyacı olan ahıl insanlar və veteranlar üçün dövlət tərəfindən yaradılan şəraitə və görülən işlərə görə ölkə başçısı cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və Fondun birinci vitse-prezidenti Leyla xanım Əliyevaya səmimi qəlbdən təşəkkür etdi və bu sahədəki fəaliyyətlərini yüksək qiymətləndirdi. Deputat YAP Səbail rayon təşkilatının kollektivinin bura mütəmadi baş çəkəcəyini, ahıllar və veteranlar üçün belə özəl günlər təşkil edəcəklərini bildirdi və yaşlılara möhkəm cansağlığı, sağlam uzun ömür arzuladı.

Çıxış edən Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsinin direktoru Qətibə Əsədova və ahıllar adından danışan sakinlər bu gün onlarla görüşə gələn deputata və qonaqlara təşəkkür etdilər. Dövlət başçısının siyasətini birmənalı dəstəklədiklərini və dövlətin, ölkə başçısı cənab İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun birinci vitse-prezidenti Leyla xanım Əliyevanın ahıl insanlara olan diqqət və qayğısından razılıqlarını bildirdilər, sosial müavinətlərinin mütəmadi olaraq yüksəlməsi üçün minnətdarlıqlarını ifadə etdilər.

Sosial Xidmət müəssisəsini ziyarət edən qonaqlar oradan xoş təəssüratlar və unudulmaz xatirələrlə ayrıldılar.