YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Bu gün ölkəmizdə ailə, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində əsaslı nailiyyətlər əldə olunub

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsi olaraq bu gün ailə, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində  əsaslı nailiyyətlər əldə olunmuşdur. Xüsusilə də bu sahədə bir sıra mühüm qanunlar qəbul edilmiş və  davamlı islahatlar həyata keçirilmişdir. Nəticədə ölkədə qadın və uşaq hüquqları daha da inkişaf etdirilmiş, bu sahələrdə əhalinin məlumatlılıq səviyyəsi artırılmış, erkən nikahların sayı azalmışdır”. Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün YAP İcra Katibliyində keçirdiyi mətbuat konfransında deyib. 

H.Hüseynova bildirib ki,  qadın və uşaqların hüquqlarının müdaifəsi sahəsində qanunların qəbul edilməsində respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çox böyük rolu olmuşdur. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan sistemli islahatlar, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar ailələrin, o cümlədən, qadın və uşaqların yaşayışına müsbət təsir göstərir. Nəticə olaraq BMT-nin CEDAW Komitəsi (Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Komitə) ölkəmizin sonuncu dövrü məruzəsi ilə bağlı rəyində Azərbaycanda qadın hüquqlarının və gender bərabərliyinin  təmin edilməsi sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir. BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin qadın hüquqları ilə bağlı 5-ci məqsədinin  ölkəmizdə bu sahədə görülən işlərlə 97% üst-üstə düşdüyü müəyyən edilmişdir. Habelə 2011-ci ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə həyata keçiridiyi “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi Avropa İttifaqı tərəfindən səmərəliliyinə və verdiyi töhfələrə görə birinci yerə layiq görülmüşdür.

“Ölkəmiz qadın və uşaq hüquqları sahəsində bir sıra mühüm Konvensiyalara qoşulmuş, bu ilin oktyabr ayında isə “Uşaqların cinsi zorakılıqdan və cinsi istismardan müdafiəsi haqqında” Avropa Şurasının Lanzarotta Konvensiyasını ratifikasiya etmişdir. Yaxın gələcəkdə ölkəmizin həmçinin “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Avropa Şurasının İstanbul Konvensiyasını imzalaması gözlənilir”-deyə, Komitə sədri vurğulayıb.