YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: 27 ildə Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizlə birgə addımlayıb, inkişaf edib və bu gün dünya miqyasında geniş nüfuzu olan siyasi təşkilata çevrilib

"Azərbaycan siyasi palitrasının əsas güc mərkəzi və lokomotivi, ölkəmizin və regionun ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası ötən 27 ildə çox böyük və şərəfli inkişaf yolu keçib. Bu 27 ildə Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizlə birgə addımlayıb, inkişaf edib və bu gün dünya miqyasında geniş nüfuzu olan siyasi təşkilata çevrilib". Bu fikirləri Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

Millət vəkilinin sözlərinə görə, Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycan xalqına və dövlətçiliyimizə xidmət etməyi özünün başlıca vəzifəsi elan edib və ötən illər ərzində öz genişmiqyaslı fəaliyyəti də ölkə ictimaiyyətinin geniş və davamlı dəqtəyini qazanıb. S.Qafarova deyib ki, Yeni Azərbaycan Partiyasının rolu danılmazdır: "Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan dövlətinin ən gərgin, çox böyük çətinliklərin yaşandığı bir dövrdə yarandı. 1990-cı illərin əvvəlində Azərbaycanın siyasi və iqtisadi böhran keçirdiyi, mənəvi dəyərlərin deqredasiyaya uğradığı bir zamanda bu və digər problemlər Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Müstəqilliyimizin ilk illərində yaranmış situasiyadan faydalanaraq özlərinə təşkilat yaradan və adlarını lider qoyanlar Azərbaycanı yaranmış gərgin vəziyyətdən çıxarmaq iqtidarında deyildilər. Çünki bu şəraitdə ölkəni böhrandan çıxarmaq üçün güclü bir liderə ehtiyac var idi. Bu missiyanı Ümummilli Lider Heydər Əliyev Öz üzərinə götürdü. Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaratmaqla siyasi cəhətdən xalqı təşkilatlandırdı. Qısa zaman kəsiyində xalqımızın böyük bir hissəsi Yeni Azərbaycan Partiyasının ətrafında toplaşdı və Ulu öndər Heydər Əliyevin siyasi kursunun dövlətimizi böhrandan inkişaf yoluna çıxarmasına öz töfhələrini verdilər".

Sahibə Qafarova vurğulayıb ki, məhz həmin illərdə Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini və xalqımızı qorumağa müvəffəq oldu. Yeni Azərbaycan Partiyası ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olmasında siyasi flaqman rolunu öhdəsinə götürdü. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP qısa zaman kəsiyində ümumxalq partiyasına, bu günün və gələcəyin ən böyük partiyasına çevrildi. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir. "Hazırda 740 min nəfərdən artıq vətəndaşımızı öz ətrafında birləşdirən YAP ölkəmizin ictimai-siyasi proseslərində aparıcı, mühüm rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq xalqımızın ali mənafeyini dolğun ifadə edir, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir", - deyən Milli Məclisin deputatı qeyd edib ki, Yeni Azərbaycan Partiyasını fərqləndirən digər bir mühüm cəhət partiyamızda cəmiyyətin bütün təbəqələrindən olan insanların fəal təmsilçiliyinə şərait yaradılmasıdır. Bu gün Azərbaycan gəncləri öz siyasi gələcəklərini məhz Yeni Azərbaycan Partiyası ilə bağlayır, burada Azərbaycan dövlətçiliyinə xidməıt etmək, özlərini inkişaf etdirmək imkanı qazanırlar: "O cümlədən bu gün Yeni Azərbaycan Partiyası cəmiyyətimizin fəal qadınları üçün də geniş imkanlar təqedim edir. Azərbaycanın Birinci vitse-prezidenti, YAP-ın Sədr müavini Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti nəinki partiyamızda təmsil olunan yüzminlərlə qadınlarımız, o cümlədən bütövlükdə Azərbaycan qadını üçün nümunə və həyat məktəbi sayılır".

Sahibə Qafarova deyib ki, Yeni Azərbaycan Partiyası bundan sonra da Ulu Öndərimizin ideya və siyasi xəttinə sadiq qalaraq dövlətimizə, xalqımıza uğurla xidmət edəcək. Çünki Ümummilli liderimiz, partiyamızın qurucusu Heydər Əliyevin də qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.

 

DİGƏR Xəbərlər Arxiv