YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Bu gün ölkənin siyasi həyatında Yeni Azərbaycan Partiyası qədər geniş sosial bazaya malik, siyasi proseslərə həlledici təsir imkanı olan ikinci bir partiya yoxdur

“Son dərəcə mürəkkəb bir şəraitdə meydana çıxan Yeni Azərbaycan Partiyası xalqımızın taleyində yeni mərhələnin başlanğıcı oldu. Güclü sosial bazası, praqmatik və gerçəkliyə əsaslanan bitkin proqramı, Heydər Əliyev kimi böyük lideri olan partiyanın ölkənin siyasi həyatına qədəm qoyması XX əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi. Yeni yaranmış partiyanın bəyanatında bildirilirdi ki, bu partiyanın başlıca proqram məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, sivil, demokratik hüquqi dövlət, möhkəm əmin-amanlıq və ictimai həmrəylik, sabit və sosial yönümlü iqtisadiyyat yaratmaqdan, geniş demokratik islahatlar həyata keçirmək uğrunda mübarizə aparmaqdan ibarətdir”. Bu fikirləri yap.org.az saytına YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, müxalifət partiyası kimi yaranmasına baxmayaraq, YAP öz fəaliyyətində milli maraqları hər şeydən üstün tuturdu. Bu barədə ölkə Prezidenti İlham Əliyev partiyanın 20 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə belə demişdi: “Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdı. Ancaq özünü müxalifət adlandıran indiki qüvvələrdən fərqli olaraq heç vaxt öz dövlətinə, xalqına müxalifətdə olmamışdır... Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda, əslində, siyasi sistemin yaradılması demək idi. Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik”.
“Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata vəsiqə alan Yeni Azərbaycan Partiyası tezliklə təşkilatlandı. Ulu Öndərin adı ilə bağlı olan bu partiya yarandığı gündən azərbaycançılıq və dövlətçilik mövqeyindən çıxış edərək öz siyasi platforması, qətiyyətli mövqeyi sayəsində çox qısa zamanda vətənpərvər insanların siyasi istinadgahı kimi əsl ümumxalq partiyasına çevrildi. 1993-cü ilin iyun ayında Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışı ilə Yeni Azərbaycan Partiyası müxalifət partiyasından iqtidar partiyasına çevrildi. Ölkənin hakim partiyası kimi YAP müstəqillik tariximizdə mühüm rol oynadı. Ulu Öndərin milli məfkurəsindən güc alan bu partiya qısa zamanda ölkədə sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi, demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr verən real siyasi qüvvə kimi özünü təsdiq etdi.
Bu gün ölkənin siyasi həyatında Yeni Azərbaycan Partiyası qədər geniş sosial bazaya malik, siyasi proseslərə həlledici təsir imkanı olan ikinci bir partiya yoxdur”-deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.