YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Həmsədrlər “bumeranq effekti” ilə üzləşiblər

«ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal olunmuş ərazilərində təxminən 40 min nəfərlik qoşunla hərbi təlimlər keçən Ermənistana məxsus hərbi helikopterin noyabrın 12-də Ağdam ərazisində vurulması ilə bağlı noyabrın 19-da verdiyi bəyanata lazımı dəyişiklik etmək məcburiyyətində qaldı. Bəyanatın ilkin formasında helikopterin vurulduğu ərazini “neytral ərazi” kimi təqdim etməyə çalışan həmsədrlər Azərbaycanın müvafiq dövlət qurumlarının və ictimaiyyətinin etirazından sonra müvafiq mövqe dəyişikliyi edərək “məskunlaşmamış ərazi” ifadəsi üzərində dayanmışlar. Münaqişənin həllinə birabaşa məsuliyyət daşıyan bir qurumun ifadələrin seçimində təsadüfən yanlışlığa yol verdiyini düşünmək sadəlövlük olardı». Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, beynəlxalq hüquqda “neytal ərazi” termininin daşıdığı məzmundan həmsədrlərin bixəbər olduğunu fərz etmək onların qeyri-peşəkar olduqlarını təsdiqləmək deməkdir. Onun sözlərinə görə, həmsədr dövlətlərin bisavad vasitəçilərinin xidmətindən olduqca mürəkkəb problemin həlli məqsədilə istifadə etməsi qeyri-məntiqi səslənir və izahı tənqidə dözmür. Deməli, 3 böyük dövlətin həmsədr olaraq irəli sürdükləri vasitəçilərin fərdi olaraq diplomatik bacarıq, vərdiş və hazırlığının müvafiq səviyyədə olması daha inandırıcıdır. Bu reallıq fonunda həmsədrlərin məlum qərəzli mövqeyi bir sıra qənaətlərə gəlməyə əsas verir.

«Birincisi, hər 3 həmsədr daşıdıqları vəzifədən irəli gələrək, çox dəqiq bilirlər ki, beynəlalq hüquqda “neytal ərazi” termini “hər hansı bir dövlətin ərazisisnin tərkib hissəsi olmayan ərazi”nı özündə ehtiva edir. Həmin ərazi “terra nullius” da, yəni “heç kimin olmayan” ərazi də deyildir. “Neytral ərazi” bir neçə dövlət arasında beynəlxalq razılaşmanın obyekti olur, tərəflərdən neç biri həmin ərazi üzərində idarəçiliyi həyata keçirə bilməz və ya razılaşmanın qüvvədə olduğu müddətdə buna riayət etməlidir. Deməli, həmsədrlərin istinad etdikləri “neytal ərazi” ifadəsi, əslində Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin pozulması faktının ört-basdır edilməsi mənafeyinə xidmət göstərir və erməni maraqlarının müdafə olunması anlamındadır. Bu hal həmsədrlik institutunun beynəlxalq hüquqda təsbit olunmuş neytallıq, tərəfsizlik və obyektivlik kimi fundamental prinsiplərinə daban-dabana ziddir. Həmsədrlər gec də olsa, dərk etdilər ki, verdikləri bəyanatda lazımı dəyişiklik etməslər, bu onların səmərəlilik əmsalı son dərəcə aşağı olan fəaliyyətlərinin sonunun başlanğıcını şərtləndirə bilər. Elə bu səbəbdən də “məskunlaşmamamış ərazi” terminini bu dəfə tərəfləri razı sala biləcək “neytral” termin kimi ortaya atdılar. İkincisi, həmsədrlər hərbi avantüra nəticəsində fiziki baxımdan məhv edilmiş ermənilərin cəsədlərinin götürülməsi məsələsində də yeritdikləri siyasətin girovuna çevrilmişlər. Azərbaycanın işğal altındakı ərazilərinin erməni terrorçuları tərəfindən büsbütün minalanması ilə bağlı ölkəmizin “həyəcan təbili” çalmasına hər zaman biganə qalan həmsədrlər indi eyni səbəbdən “neytral ərazi”-“məskunlaşmamış ərazi” hesab etdikləri yerə təhlükəsizlik baxımından daxil ola bilmirlər. Başqa sözlə, “bumeranq effekti” ilə üzləşiblər. Bu yerdə məşhur atalar sözünü xatırlamaq yerinə düşər: “Nə tökərsən aşına, o da çıxar qaşığına”»- deyə, politoloq qeyd edib.