YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir

“Bu gün ölkəmizdə mühüm sosial-iqtisadi islahatlar həyata keçirilir və uğurlu nəticələr də göz qabağındadır”. Bu fikri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib  ki, oktyabrın 15-də Azərbaycan Prezidentinin yanında keçirilən iqtisadi müşavirəni üç mühüm hissəyə bölmək olar. Birincisi ölkədə yaradılan iqtisadi və sosial şəraitdir ki, bu da beynəlxalq reytinqlərdə kifayət qədər yüksək qiymətləndirilir. Həmçinin biznesin uğurla aparılması, ölkənin potensialı, dövlət orqanlarının gələcəyə baxışları da bu sıraya aiddir. Azərbaycan Qlobal Rəqabətlilik Hesabatında mühüm irəliləyiş əldə edib və dünyada ən çox - 11 pillə irəliləyən ölkə olub. Azərbaycanın "Doing Business"də dünyanın ən çox islahat aparan 20-ci ölkəsi olması əslində o deməkdir ki, Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı üçün kifayət qədər yetərli zəmin yaradılıb.

İkinci istiqamət yaradılan bu zəmindən sonra ölkədəki müvafiq iqtisadi artım, bununla bağlı Prezidentin qeydləri idi. Burada diqqəti cəlb edən mühüm məqamlardan biri ondan ibarətdir ki, bir çox sahələr üzrə Azərbaycanda rekord artım müşahidə olunur. Məsələn, qeyri-neft sənayesinin 15 faiz, kənd təsərrüfatı sektorunun 7 faiz artmasını göstərmək olar. Bunlar Azərbaycanda aparılan iqtisadi islahatların real nəticələrini özündə əks etdirir. Bununla yanaşı, ümumilikdə belə bir yanaşma var ki, bizim ehtiyatlarımız kifayət qədərdir, iqtisadiyyatımız daha çox böyüyə bilər. Əslində aparılan iqtisadi islahatlar və yaranmış biznes mühiti iqtisadiyyatımızın bütün sektorlarının daha sürətli inkişafına imkan yaradır. Sadəcə, buna nail olmaq üçün ortada olan əngəlləri aradan qaldırmaq lazımdır. Bununla bağlı bir daha ölkə başçısı sərt xəbərdarlığını etdi. Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafı üçün iqtisadi ehtiyatlar mövcuddur. Bu ehtiyatları daha səmərəli istifadə etməklə, daha aktiv, dinamik şəkildə bir-biri ilə uzlaşdırmaqla həm ümumi daxili məhsulda, həm də qeyri-neft sektorunun inkişafında yaxşı nəticələr əldə etmək mümkündür.

Üçüncü istiqamətə gəldikdə, iqtisadi inkişafın daha sürətli getməsinə, eyni zamanda, iqtisadiyyatın həcminin daha çox artmasına əngəl törədən amilləri qeyd etmək olar. Müşavirədə Prezidentin korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ilə əlaqədar kifayət qədər sərt şəkildə xəbərdarlıq etməsi bunu deməyə əsas verir ki, Azərbaycanda bu mənfi hallarla mübarizə daha da gücləndiriləcək. Həm yeni mexanizmlərin yaranması, həm də yeni faktaraşdırıcı, elektronlaşma mexanizmlərinin tətbiqi şəffaflığın artırılmasında, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə təsirli addımlar olacaq.

Əslində Azərbaycanda bu proses gedir və müsbət nəticələrini Prezident İlham Əliyev də qeyd etdi. Həm vergilər, həm sosial müdafiə sistemində yeni kadrlarla əvəzlənmə effektivliyin nə dərəcədə artırılmasını göstərdi. Həm şəffaflıq, həm bütövlükdə vergilərin könüllü şəkildə ödənilməsi səviyyəsi, həm də insanların inamı artdı. Sosial müdafiə sahəsində həyata keçirilən kadr islahatından sonra bütövlükdə insanların minimum əmək pensiyalarının həcmini yüksək səviyyəyə qaldırmaq, oradakı bir sıra qeyri-qanuni halların qarşısını almaq mümkün oldu. Təcrübə göstərir ki, bir çox hallarda kadr islahatları həmin sahədə kifayət qədər böyük inkişafa və qeyri-şəffaf halların aradan qaldırılmasına səbəb ola bilir. Ümumilikdə gənc kadrlarla əvəzolunma Azərbaycanda gedən prosesdir və cənab prezidentin siyasətində bu, hər zaman var. Düşünürəm ki, proses daha sürətlənəcək.

Deputat vurğulayıb ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur. Əslində aparılan bütün iqtisadi islahatlar, atılan addımlar son nəticədə ölkə vətəndaşının daha yaxşı və təhlükəsiz yaşamasına xidmət edir.

Tahir Mirkişili qeyd edib ki, növbəti ilin büdcəsinin xərclərinin böyük bir hissəsi sosial xərclərlə bağlıdır. Əməkhaqlarının, pensiyaların, müavinətlərin artırılması və ya sosial qayğıya ehtiyacı olan insanların əhatə dairəsinin genişləndirilməsi növbəti ildə büdcədə 3,7 milyard manat əlavə xərclərə səbəb olub. Amma bunun gəlir hissəsi də var. Aparılan iqtisadi islahatlar ölkə büdcəsinə əlavə yeni gəlirlər mənbələrini müəyyən edir. Məsələn, bu ilin 9 ayı ərzində büdcəyə əlavə olaraq 700 milyon manat daxil olub ki, bu vəsaitin bütövlükdə hamısı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə və onların sosial təminat səviyyəsinin artmasına xidmət edir. Ümumiyyətlə, Azərbaycanda atılan bütün addımlar, həyata keçirilən islahatlar dövlət mexanizmlərinin effektivliyinin, şəffaflığın artırılmasına, vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılmasına, onların daha da yaxşı yaşamasına xidmət edir.