YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ƏƏSMN tərəfindən Qarabağ müharibəsi əlilləri və onların sosial təminatı vəziyyətinə dair elektron məlumat bazası yaradılıb

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar və onların sosial təminatı vəziyyətinə dair elektron məlumat bazası yaradılaraq, nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsinə yerləşdirilib.  Məlumat bazasında Qarabağ müharibəsi əlillərinin hər biri ilə bağlı fərdi məlumatlar (əlillik qrupları, o cümlədən dövlət hesabına mənzil, minik avtomobili ilə təmin olunma vəziyyəti, yaxud bu təminat növləri ilə təmin edilmək üçün növbədə olub-olmamasına  dair qeydlər və s.) əksini tapıb.

Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Elektron məlumat bazasının yaradılmasında əsas məqsəd ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşların sosial vəziyyəti ilə bağlı informasiyaları düzgün pasportlaşdırmaq və onların sosial ehtiyaclarını müəyyən edərək aradan qaldırmaqdır. Belə ki, sistemləşdirilmiş informasiyalar əsasında həmin şəxslərin hər birinin mövcud rifah halı nəzərdən keçirilməklə, fərdi yanaşma üzrə onların konkret ehtiyaclarına uyğun olaraq sosial müdafiələrinin gücləndirilməsi, o cümlədən lazım gəldikdə sosial yardımlar vasitəsilə ailələrinin maddi təminatlarının artırılması üçün məqsədyönlü tədbirlər görüləcək. 

    Bu, eyni zamanda, nazirliyə və onun yerli strukturlarına hər hansı təminat növü ilə təmin olunmaq üçün müraciət edən Qarabağ müharibəsi əlilləri ilə bağlı aidiyyəti məlumatların operativ şəkildə əldə edilərək, qısa vaxt ərzində müvafiq tədbirlərin görülməsinə şərait yaradacaq.

    Bundan başqa, son vaxtlar bir sıra mətbuat orqanlarında ümumi səbəbdən əlil olan vətəndaşların özlərini cəmiyyətə Qarabağ müharibəsi əlili kimi təqdim etməsi kimi xoşagəlməz hallara rast gəlinməkdədir. Yaradılan məlumat bazası bu kimi halların qarşısının alınmasında da mühüm rol oynayacaq və belə şəxslərin həqiqətən  ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olub-olmamasını dərhal müəyyənləşdirməyə imkan verəcək.