YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT-in Minsk qrupu Ermənistanın cəbhə xəttində vurulmuş hərbi helikopteri ilə bağlı yeni bəyanat yayıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri noyabrın 19-da növbəti birgə bəyanat yayıblar.
ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda həmsədrlər, Azərbaycan Silahlı Qüvvələri tərəfindən noyabrın 12-də vurulmuş və qalıqları Ermənistanin işğalçı qoşunları ilə Azərbaycan qoşunlarının təmas xəttindəki minalanmış neytral əraziyə düşmüş hərbi helikopterə humanitar giriş imkanı olmadığına görə narahatlıq ifadə ediblər.
Bəyanatda həmsədrlər tərəfləri helikopterin düşdüyü ərazidə atəşi dayandırmağa və ətraf əraziləri minalardan təmizləməyə, eləcə də 2010-cu il Həştərxan Bəyanatının ruhuna uyğun olaraq Azərbaycanı həlak olmuş hərbçilərin meyitlərinin götürülməsinə imkan verməyə, Ermənistanı isə bu humanitar vəziyyətin həlli üçün həyata keçirilən bütün səylərlə tam əməkdaşlıq etməyə çağırıblar.
Bəyanatın sonunda həmsədrlər 12 noyabr bəyanatında olduğu kimi, tərəflərə atəşkəs rejiminə riayət edilməsi və münaqişənin dinc yolla həlli üçün Soçi, Nyuport və Parisdə götürdükləri öhdəliklərini xatırladıblar.
Həmsədrlərin bəyanatında helikopterin qoşunların təmas xəttindəki minalanmış neytral (burada, təbii ki, bəyanatın orijinal mətnindən göründüyü kimi, neytral ərazi hərbi termin olaraq istifadə edilir) əraziyə düşməsinin qeyd edilməsi Ermənistan tərəfinin insidentlə bağlı yaydığı çoxsaylı dezinformasiyanı alt-üst edən növbəti fakt kimi dəyərləndirilməlidir. Helikopterin minalanmış neytral əraziyə düşməsi onun zərərsizləşdirilmədən öncə Azərbaycanın işğal olunmuş ərazilərindən keçən təmas xəttinin Ermənistanın işğalçı qoşunlarının nəzarətində olan tərəfdəki mövqeləri tərk edərək, Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan mövqelər üzərinə keçməsinə və orada vurularaq təmas xəttində neytral əraziyə düşməsinə bir sübutdur. Bu isə helikopter insidentinə Ermənistanın Silahlı Qüvvələrinin öz təxribatçı hərəkətləri ilə səbəb olmasını bir daha nümayiş etdirir. Yeri gəlmişkən, həmsədrlər noyabrın 12-də yaydıqları bəyanatda da bu həqiqəti etiraf edilər.
Digər tərəfdən, həmsədrlər bəyanatda Ermənistana da müraciət edərək, bu vəziyyəti həll etmək üçün tam olaraq bütün səylər ilə əməkdaşlıq etməyə çağırırlar. Bu səylərin isə nədən ibarət olduğunu anlamaq çətin deyil. Artıq neçə aydır ki, Azərbaycan işğal altında olan öz dədə-baba yurdu Kəlbəcəri ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş vətəndaşlarının geri verilməsini tələb edir. Bu məsələ müxtəlif kanallar vasitəsilə Ermənistana çatdırılsa da, işğalçı tərəf, bu humanitar məsələnin həlli istiqamətində heç bir addım atmır. Həmsədrlər bəyanatda Ermənistanın məhz bu davranışına işarə edirlər.
Həmsədrlər işğalçı dövlətin üç hərbçisinin başqa ölkənin hava səmasında qanunsuz döyüş tapşırığı yerinə yetirərkən həlak olmasından elə mütəəssir olublar ki, öz dövlətinin ərazisində ata-baba yurdunu ziyarət edən, Ermənistan Silahlı Qüvvələri tərəfindən tutularaq işgəncələrə məruz qoyulan, üzərlərində absurd məhkəmə prosesi qurulan və bu müharibənin əsl qurbanları olan insanlara da dünənki bəyanatlarında diqqət ayırmağı “unudublar”. Əgər Ermənistan doğrudan da hərbçilərinin meyitlərinin qaytarılmasında maraqlıdırsa, bu zaman həmsədrlər emosiyaların girovluğundan xilas olub, tez bir zamanda öz torpağında əsir düşmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Ermənistana ünvanlanmış bəyanatlarla çıxış etməlidirlər.