YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İcra Katibliyində Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov mətbuat konfransı keçirib

Oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Tahir Budaqov mətbuat konfransı keçirib.

Komitə sədri bildirib ki, 1-10 oktyabr 2019-cu il tarixlərində ölkəmizdə əhalinin növbəti siyahıyaalınmasına sart verilib. T.Budaqovun sözlərinə görə, Prezident İlham Əliyevin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli qərarına əsasən və Dövlət Statistika Komitəsinin (DSK) təsdiq etdiyi təqvim planına uyğun olaraq siyahıyaalma ilə bağlı bütün hazırlıq işləri yüksək səviyyədə və tam olaraq başa çatdırılıb. T.Budaqov bildirib ki, bu hazırlıq prosesi çərçivəsində ötən il Qəbələ rayonunda sınaq siyahıyalınması baş tutub və bu zaman 50-yə yaxın metodoloji sənəd sınaqdan keçirilib.  Əldə edilmiş təcrübə əsasında metodoloji və köməkçi sənədlərdə cüzi dəyişikliklər edilərək, siyahıyaalma və sorğu vərəqələri Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyada təmsil olunan 19 dövlət qurumu ilə razılaşdırılaraq təsdiq edilib. Komitə sədri qeyd edib ki, Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkilati planlar tərtib olunmuş, bunun nəticəsində ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33907 sayıcı məntəqəsinə bölünmüş, siyahıyaalma məntəqələrinin işçilərlə komplektləşdirilməsi və onların təlimatlandırılması başa çatdırılıb.

T.Budaqov onu da xatırladıb ki, BMT tərəfindən bütün dövlətlərə hər 10 ildən bir siyahıyalınma keçirmə tövsiyə olunur və budəfəki siyahıalınma da BMT-nin siyahıyaalınma raundu əsasında keçirilir. Əsas məqsəd isə əhaliyə dair demoqrafik, iqtisadi və sosial əlamətlər üzrə dolğun məlumatların əldə edilməsi və müəyyən informasiya bazasının yaradılmasıdır.

Komitə sədri daha sonra əlavə edib ki, müstəqillik dövründə sayca 3-cü dəfə keçirilən siyahıyaalmanın sorğu vərəqəsində altsuallarla birlikdə 46 sual, siyahıyaalma vərəqəsində isə 6 sual olmaqla ümumilikdə 52 sual öz əksini tapıb. Siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verəcək. Sorğu vərəqəsində isə siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli və ya etnik  mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlilliyi, əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və s. mühüm göstəricilər üzrə suallar öz əksini tapıb.

Komitə sədri onu da qeyd edib ki, bu proses zamanı həm mənzil fondu, həm də əhali siyahıya alınacaq. Siyahıyaalma başa çatdıqdan sonra siyahıyaalma materialları ilin sonunadək Siyahıyaalma qrupuna təhvil veriləcək, 2020-ci il ərzində işə qəbul ediləcək operatorlar vasitəsilə onların elektron məlumat sisteminə daxil edilməsi, proqram təminatı vasitəsi ilə məntiqi yoxlanılması prosesi həyata keçiriləcək. Sonrakı ilyarım ərzində siyahıyaalma məlumatları emal ediləcək, əldə ediləcək çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələr nəşr olunaraq istifadəçilərə çatdırılacaq.

T.Budaqov bildirib ki, artıq oktyabrın 1-də gecə saat 00:00-dan başlayaraq Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, Bakı Dəmiryol Vağzalında, Bakı Beynəlxalq Avtovağzalında vətəndaşların siyahıyaalınma prosesi başlayıb. Səhər saat 8:00-dan isə sayıcılar mənzillərə gedib siyahıyaalmanı həyata keçirməyə başlayıblar.

Komitə sədri, həmçinin 2019-cu il 1-10 oktyabr tarixlərində respublikada əhalinin siyahıyaalınmasının uğurla həyata keçirilməsi üçün ilk növbədə bu prosesdə vətəndaşların fəal iştirakının, habelə siyahıyaalma və sorğu vərəqələrindəki sualların  düzgün cavablandırılmasının vacibliyini qeyd edib: “Çünki siyahıyalınma ən mühüm statistika tədbiridir, həmçinin siyahıyaalma zamanı əldə olunacaq məlumatlar ölkəmizin gələcək sosial-iqtisadi inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət proramlarının, siyasi  qərarların qəbul edilməsi üçün əsas informasiya mənbəyi olacaq və bundan üzvü olduğumuz bütün cəmiyyət bəhrələnəcək”.

Daha sonra T.Budaqov KİV nümayəndələrini maraqlandıran sualları cavablandırıb.