YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Sumqayıtda YAP Sumqayıt şəhər və Qubadlı rayon təşkilatlarının ərazi ilk təşkilatlarının sədrləri və partiya fəalları ilə müşavirə keçirilib

Sentyabrın 25-də Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər və Qubadlı rayon təşkilatlarının ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları ilə müşavirə keçirilib. Müşavirədə qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq, eləcə də, ictimai-siyasi proseslərdə ərazi ilk partiya təşkilatlarının, partiya fəallarının üzərinə düşən vəzifələr və s. məsələlər müzakirə olunub.

 

Tədbirdə Baş nazirin müavini, YAP Sədrinin müavini Əli Həsənov və YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin  sədri Siyavuş Novruzov iştirak ediblər.

Müşavirə iştirakçıları əvvəlcə Sumqayıt şəhərinin mərkəzindəki Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidəsi önünə gül dəstələri düzüblər.

Daha sonra Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi ilə şəraitlə tanış olublar.

Sonra müşavirə Heydər Əliyev Mərkəzinin akt zalında öz işinə başlayıb. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən Baş nazirin müavini, YAP-ın Sədr müavini Əli Həsənov deyib ki, Yeni Azərbaycan Partiyası  xalq üçün, Azərbaycanın  gələcəyi üçün yaradılıb. Ümummilli Lider Heydər Əliyevi də hakimiyyətə xalq gətirdi. O, xalqı və dövlətimizi bütün təhlükələrdən xilas etdi. Əli Həsənov bildirib ki, bu gün Azərbaycan dinamik inkişaf edən dövlətdir, ölkəmizin dünyada böyük nüfuzu var. Onun sözlərinə görə, son 16 ildə ölkəmizdə böyük inkişaf baş verib: “Bu müddət ərzində görülən işlərə Prezident-xalq birliyi nəticəsində nail olunub. Dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi iqtisadi artım, inkişaf yoxdur. Azərbaycan Prezidenti dünyanın nüfuzlu siyasi xadimləri sırasında yer alır. Doğrudur, həmişə inkişafımızı əngəlləmək istəyən qüvvələr olub, onlar bu gün də var. Amma Prezidentimizlə xalqın birliyi nəticəsində həmin qüvvələrin məqsədləri iflasa uğrayıb”.

YAP Sədrinin müavini, həmçinin xaricdəki mühacir azərbaycanlıların yanlış yolda olduğunu deyib. O qeyd edib ki, mühacirlər ələ alınıb, Azərbaycana qarşı istifadə edilirlər: “Bu insanlara qarşı susmaq lazım deyil. İnzibati tədbir görməklə tərbiyə mümkün deyil. Bu, daha çox ictimai qınaq səviyyəsində olmalıdır”.

Ölkəmizin yeganə probleminin Dağlıq Qarabağ münaqişəsi olduğunu deyən Əli Həsənovun fikrincə, Azərbaycan Ordusu istəsə, torpaqlarımızı çox qısa müddətdə azad edə bilər. Amma Prezident İlham Əliyev yenidən qan tökülməsini istəmir. Ə.Həsınov bildirib ki, Ermənistanda hakimiyyətə Nikol Paşinyan gələndən sonra məsələnin müsbətə doğru həll ediləcəyinə ümid var idi. Amma Paşinyan da qeyri-konstruktiv yol tutub. Ona görə də, hamı bilməlidir ki, dövlətimiz Dağlıq Qarabağı və işğal olunmuş digər torpaqlarımızı  hər an azad edə bilər və edəcək.

 

YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə çıxışında  deyib ki, bu gün sosial şəbəkələrin imkanlarından düzgün olmayan şəkildə istifadə edilir: “Bu imkanlardan istifadə olunaraq cəmiyyətdə qarşılıq yaratmaq istəyənlər var. Onların arxasında bəzi xarici dairələr dayanır. Həmin insanları maliyyələşdirənlər sırasında erməni lobbisi xüsusi yer tutur”. S.Novruzov bildirib ki, xaricdəki mühacir azərbaycanlıların bəziləri Azərbaycanda aparılan işlərə - islahatlara, abadlıq-quruculuq işlərinə kölgə salmağa cəhd edirlər: “Onlar yalan məlumatlar yaymaqla məşğuldurlar. Belə olan halda YAP üzvləri daha fəal olmalıdırlar. Başqa ölkələrin 100 ildə keçə bilmədiyi yolu Azərbaycan qısa müddətdə keçdi. Əgər bir ölkədə ictimai-siyasi sabitlik yoxdursa, orada inkişafdan söhbət gedə bilməz. Azərbaycan sabitlik adasıdır”.

S.Novruzov qeyd edib ki, YAP-ın rayon təşkilatları insanlar arasında təbliğat-təşviqat işini gücləndirməlidirlər: “Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurları insanlara geniş şəkildə çatdırılmalıdır. Çünki müəyyən dairələr yalan məlumat yaymaqla ictimai rəyi çaşdırmağa çalışırlar. Hesab edirəm ki, bu dairələr xalqı adada bilməz. Amma bütün hallarda  biz arxayınlaşmamalı, öz işimi fəal şəkildə davam etdirməli, doğru yolla inamla getməliyik”.

Tədbirdə həmçinin Sumqayıt Şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev çıxış ediblər.

Müşavirədə qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilib.

Sonda YAP sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.