YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Yaylaq düşərgəsi” başa çatıb

Avqustun 31-də Yeni Azərbaycan Partiyasının və Gədəbəy Rayon İcra Hakimiyyətinin gənc liderlər üçün təşkil etdiyi “Yaylaq düşərgəsi” çərçivəsində Gədəbəy rayonunda yerləşən Koroğlu qalasına ekskursiya təşkil olunub. YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev və YAP  Gənclər Birliyinin Ofisinin koordinatoru Elmar Məmmədovun rəhbərliyi altında tədbir iştirakçıları Koroğlu qalasına çıxıblar. Ekskursiya zamanı gənclər bu qədim qala ilə tanış olublar və orada Azərbaycanın dövlət bayrağını və YAP-ın bayraqlarını dalğalandırıb, eyni zamanda xatirə şəkli çəkdiriblər.

Günün ikinci yarısında “Yaylaq düşərgəsi”nin iştirakçılarının qədim Azərbaycan torpağı olan Başkənd ərazisində yerləşən “N” saylı hərbi hissədə hərbçilərlə görüşü olub. Görüş zamanı gənclərin silah və hərbi texnika ilə tanışlığı və əsgərlərlə söhbəti təşkil olunub. Daha sonra gənc fəallar əsgərlərin xidmət şəraiti ilə tanış olublar. Bu zaman zabit heyəti onlara hərbi hissə haqqında məlumat veriblər. Eyni zamanda, hərbi hissənin rəhbərliyi və YAP-ın Gədəbəy rayon təşkilatının sədri R.Nağıyev gənc liderlərlə və əsgərlərlə vətənpərvərlik haqqında fikirlərini bölüşüb, hərbi xidmətdə olan gənclərə, hərbi xidmət keçmiş, habelə gələcəyin əsgərlərinə öz tövsiyələrini veriblər.

Daha sonra gənc liderlərin Başkənd gölünə ekskursiyası da təşkil olunub, orada xatirə şəkli çəkdirilib.

Günün sonunda Miskinli yaylağında “Yaylaq düşərgəsi”nin bağlanış mərasimi keçirilib. Mərasimdə çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev düşərgədə iştirak edən yüksək potensiala malik olan gənclərin fəallığını qeyd edərək gələcəkdə onların Yeni Azərbaycan Partiyasının aparıcı qüvvəsi olacağına şübhə yeri qalmadığını bildirib. İ.Mustafayev gənc liderlərin bu müddət ərzində yeni dostlar qazandıqlarından əmin olduğunu da dilə gətirib və onlara sonrakı ictimai və siyasi fəaliyyətlərində uğurlar arzulayıb. “Yaylaq düşərgəsi”nin iştirakçıları adından çıxış edən gənclər də bu tədbirin təşkilinə görə YAP rəhbərliyinə, Gədəbəy RİH-nin başçısına və YAP-ın Gədəbəy rayon təşkilatına öz təşəkkürlərini bildiriblər.

Bağlanış mərasimin sonunda “Yaylaq düşərgəsi”nin iştirakçılarına Gədəbəy RİH adından hədiyyələr təqdim edilib.

Xatırladaq ki, avqust ayının son günlərində baş tutan “Yaylaq düşərgəsi”ndə Gəncə və Naftalan şəhərləri, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Kəlbəcər, Qazax, Tovuz, Samux və Şəmkir rayonlarının YAP rayon təşkilatlarının gənclər birliklərindən 90 nəfər gənc fəal iştirak edib.