YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Xaçmazda möhtəşəm tədbir keçirib

Xaçmaz Olimpiya İdman kompleksində Azərbaycan gənclərinə daim diqqət və qayğı nümayiş etdirən Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən möhtəşəm tədbir keçirilib.

YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev dövlətimizin, partiyanın gənclərə diqqət və qayğısından danışaraq xaçmazlı gənclərin həmişə Prezidentimizin ətrafında birləşdiyini qeyd edib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir müstəqil Azərbaycan böyük inkişaf mərhələsindədir. Əhalisinin əksəriyyətini gənclərin təşkil etdiyi ölkəmizdə asudə vaxtın səmərəli təşkili üçün böyük işlər görülüb. Görülən işlərin məntiqi nəticəsidir ki, xaçmazlılar Prezidentin fəaliyyətini dəstəkləyir, görülmüş işlərdən məmnunluqlarını ifadə edirlər”.

YAP İcra Katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov vurğulayıb ki, gənclərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunur. Gənclərin ictimai-siyasi proseslərdə aktiv iştirak etdiklərini ifadə edən S.Novruzov əlavə edib ki, özündə yüksək intellektual potensialı birləşdirən Yeni Azərbaycan Partiyasının sıralarında gənclər böyük üstünlük təşkil edir.

YAP İcra Katibinin sözlərinə görə, partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyətini intellektual, bacarıqlı və aktiv gənclər təşkil edir.

Bildirilib ki, YAP Gənclər Birliyi tərəfindən 2007-ci ildən başlayaraq hər il keçirilən və ölkəmizin bütün bölgələrindən olan gəncləri əhatə edən “Yay məktəbi” layihəsi uğurla davam etdirilir: “Yay məktəbi”nin məqsədi Azərbaycan ərazisində yaşayan gənclərin bir-birini daha yaxından tanımaları, gənclərin ictimai-siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili və gələcəkdə müxtəlif sahələrdə çalışacaq gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasıdır”.

Milli Məclisin deputatı Rauf Əliyev isə deyib ki, ötən dövr ərzində gənclər siyasəti, gənclərlə iş sahəsində və idman sahəsində bir sıra mühüm nəticələr əldə olunub: “Həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib. Bu gün Azərbaycan gəncləri beynəlxalq müstəvidə elm, idman, mədəniyyət sahəsində əldə etdikləri nailiyyətlərlə tanınırlar”.

Tədbirdə, Milli Məclisin komitə sədrləri Eldar İbrahimov, Ziyad Səmədzadə, Milli Məclisin üzvləri İlham Əliyev, Yevda Abramov, Xanhüseyn Kazımlı, Azər Badamov, həmçinin YAP Gənclər birliyinin sədri Seymur Orucov və YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov çıxış və iştirak ediblər.

Sonda incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub.

 

DİGƏR Partiya xəbərləri Arxiv