YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Xəzərin mühafizəsində birik, birlikdəyik” adlı təmizlik aksiyası keçirilib

 

Avqustun 9-da Yeni Azərbaycan Partiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Xəzər dənizinin Buzovna sahilində “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında kütləvi təmizlik aksiyası keçirilib. 

Aksiyada YAP üzvləri, ETSN əməkdaşları, deputatlar, ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri, könüllülər iştirak ediblər.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov təmizlik aksiyasının əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən uğurlu siyasətdən bəhs edib, dövlət başçısının ekoloji məsələlərə xüsusi diqqət yetirdiyini bildirib: “Bu gün Yeni Azərbaycan Partiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Xəzər dənizinin Buzovna sahilində “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında kütləvi təmizlik aksiyası keçirilir. Bildiyiniz kimi YAP-la ETSN birgə fəaliyyət planı haqqında sənəd imzalayıb. Biz ardıcıl olaraq bu proqramları yerinə yetiririk. Bundan öncə isə Yeni Azərbaycan Partiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə "Ətraf mühitin mühafizəsində gənc nəslin rolu" mövzusunda yay məktəbi təşkil olundu. Biz hamımız bir yerdə həmin yay məktəblərində iştirak etdik. Təbii ki, bundan sonra digər proqramların icrası həyata keçiriləcək. Bu layihələr bilavasitə YAP-ın Sədri, cənab Prezident İlham Əliyevin və YAP Sədrinin birinci müavini, birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı əsasında həyata keçirilir. Biz mütəmadi olaraq bu cür çoxsaylı layihələri həyata keçiririk. Bir sözlə, Xəzər dənizi xalqındır, cəmiyyətindir.”

Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında deyib ki, tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir: “Prezident İlham Əliyev keçirilən bütün müşavirələrdə hər zaman ekologiya və ətraf mühit məsələlərinə xüsusi diqqət yetirir. Hər bir ölkənin gələcəyi insanların sağlam mühitdə yaşamasının təmin edilməsi, sağlam olması ilə əlaqədardır. Bu gün bu aksiyada iştirak edən insanları Xəzərin çirklənməsinin qarşısını almaq birləşdirir. Azərbaycan Xəzərətrafı ölkələr arasında yeganə ölkədir ki, Xəzərin mühafizəsinə kompleks yanaşır, Xəzər Ekoloji Monitorinq İdarəsi fəaliyyət göstərir”.

Nazir müavini dəniz ətrafındakı iaşə obyektlərinin sahiblərinə də müraciət edib: “Təmizləyici qurğuların qurulması vacibdir. İş adamlarının bir qismi iaşə obyektlərində belə qurğular quraşdırıb, quraşdırmayanlara da müraciət edirik ki, belə qurğular quraşdırsınlar. Nazirlik olaraq təmizlənməmiş bir damcı suyun belə Xəzərə axıdılmasının əleyhinəyik. Çimərliyə gələnlər də yemək qalıqlarını dənizə atmasınlar”.

Tədbir incəsənət xadimlərinin çıxışı ilə davam edib. Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədi ilə baş tutan aksiyada 10 hektar ərazi tullantılardan təmizlənib, tullantı çeşidlənərək aidiyyəti üzrə daşınıb.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər sahil zolağı boyunca bu cür təmizlik aksiyaları keçirilib.

Xatırladaq ki, 2006-cı il avqustun 12-dən Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il avqustun 12-si “Xəzər günü” kimi qeyd olunur.