YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tural Gəncəliyev: Nikol Paşinyan sonuncu çıxışı zamanı Ermənistanın təcavüzkar olduğunu açıq bəyan etdi

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən “Pan-Ermənistan oyunları” ilə bağlı bəyanat yayıb.

Bəyanatın mətnində deyilir: “Ermənistan KİV-lərində yayılan məlumata əsasən, Azərbaycanın işğal edilmiş ərazilərində 2019-cu il avqustun 5-də qondarma “Pan-Ermənistan oyunları”nın “açılış mərasimi” keçirilib. Ermənistan və ölkəmizin ərazilərində fəaliyyət göstərən cinayətkar qurumun iştirakı ilə keçirilmiş “açılış mərasimi”ndə Ermənistan baş naziri Nikol Paşinyan çıxış edib.

Nikol Paşinyan çıxışı zamanı təmsil etdiyi ölkənin Azərbaycana qarşı hərbi işğal siyasəti apardığını bir daha nümayiş etdirərək, həyata keçirilən təcavüzü açıq şəkildə səsləndirməkdən belə çəkinməyib və Azərbaycanın beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti tərəfindən tanınan suveren ərazisi – Dağlıq Qarabağın Ermənistana aid olduğunu bəyan edib.

Ermənistanda hakimiyyətə gələrkən özünü “demokratik dəyərlərə sadiq” birisi kimi qələmə verməyə çalışan Nikol Paşinyan əgər əvvəlcə müxtəlif ziddiyyətli bəyanatlar verməklə danışıqlar prosesinə maneələr yaradırdısa, sonuncu çıxışı zamanı o, Ermənistanın təcavüzkar olduğunu açıq bəyan etdi və əsl sifətini göstərmiş oldu. Əslində, onun bəyanatı təsdiq edir ki, Ermənistanın əsl niyyəti məhz işğal siyasətidir, Ermənistan və Dağlıq Qarabağdakı cinayətkar rejim tərəfindən indiyə qədər səsləndirilən “öz müqəddəratını müəyyən etmək hüququ” işğal siyasətinin arxasında gizlənməkdən başqa bir şey deyil.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ölkəmizin işğal edilmiş ərazilərində keçiriləcək sözügedən “idman oyunları” ilə bağlı bəyan edir ki, həmin oyunlar öz torpaqlarından qovulmuş azərbaycanlı icmanın əsas insan hüquqlarının pozulması və etnik təmizləmənin törədildiyi məkanda keçirilir. Belə olan halda, bu oyunların keçirilməsi azərbaycanlılara qarşı diskriminasiya şəraiti yaradır və qəbuledilməzdir.

Azərbaycanın beynəlxalq tanınmış sərhədləri bərpa olunduqdan və ölkəmizin işğal edilmiş ərazilərindən qovulmuş yüz minlərlə azərbaycanlı geri döndükdən sonra idman oyunları və digər birgə tədbirlərin həyata keçirilməsi mümkün ola bilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması əvvəlki bəyanatlarında artıq vurğulayıb ki, Ermənistanın hərbi təcavüzündən öncə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları sülh şəraitində idman yarışlarında birgə iştirak edirdilər. Lakin Ermənistanın hərbi təcavüzü buna son qoyub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması idman oyunlarının keçirilməsinə qarşı çıxış etmir və oyunların ədalətli sülhə və barışığa xidmət etməli olduğunu vurğulayır.

Ermənistan və cinayətkar rejimin KİV-lərdə “Pan-Ermənistan oyunları” üçün hətta müvafiq “təhlükəsizlik” tədbirlərinin gördüyü qeyd edilib. Bəyan etmək istərdik ki, Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla, Azərbaycan Respublikası yeganə suveren qismində öz ərazisinin istənilən hissəsində təhlükəsizlik və digər nəzarət tədbirlərini həyata keçirmək hüququna malikdir. Təcavüzkar Ermənistan tərəfindən işğalın nəticələrini “möhkəmləndirmək” üçün atılan istənilən addım ab initio beynəlxalq hüquqa ziddir və heç bir fayda verməyəcək.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq erməni icmasına səslənirik və onları tez bir zamanda əsarəti altında yaşadıqları qanunsuz cinayətkar rejimin nəzarətindən qurtulmağa və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər iki icmanın ədalətli və daimi sülh şəraitində birgə yaşaması üçün çağırışımızı qəbul etməyə dəvət edirik”.