YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Uğurlu iqtisadi göstəricilər məqsədyönlü siyasətin, təkmil islahatların bəhrəsidir

“Hər bir ölkənin tərəqqisində, davamlı inkişafında möhkəm təmələ əsaslanan siyasət əsas rol oynayır. Azərbaycanın bu günündən əvvəlki illərə nəzər yetirdikdə zamanın tələblərinə uyğun olaraq təkmilləşən, yeniləşən siyasətin hansı uğurlara yol açdığını aydın görürük. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında 10 ən islahatçı ölkə arasında yer tutursa, biznes mühitinin yaxşılaşdırılması fonunda yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi tanınırsa, bu, gələcəyə hesablanmış inkişaf strategiyasının nəticəsidir. Ən əsası ölkəmiz dünyada sosial dövlət kimi nüfuz qazanıb. Bu mühüm məqam həyata keçirilən siyasətin əsasında vətəndaş amilinin dayandığını bir daha təsdiqləyir”. Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev “İlin əvvəlində qarşımıza qoyduğumuz vəzifələr icra edilir, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir” fikirləri ilə 2019-cu ilin də uğurlu sonluqla başa çatacağına əminliyini ifadə edir və bunu rəqəmlər əsasında diqqətə çatdırır: “2019-cu ilin 6 ayında iqtisadiyyatımız 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz, kənd təsərrüfatı 13 faiz artıb. Ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektorunun payına düşür. İnflyasiya cəmi 2,5 faizdir”.

“Uğurlu iqtisadi göstəricilər məqsədyönlü siyasətin, təkmil islahatların bəhrəsidir” söyləyən V.Rəhimzadə əlavə edib ki, bu inkişaf əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasını, vətəndaşların firavan həyatına xidmət edən Fərman və sərəncamların imzalanmasını da şərtləndirir: “Bu ilin ilk aylarından təsdiqlənən sosial islahatlar paketi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində inqilabi addımlar kimi dəyərləndirildi. Möhtərəm Prezidentimizin təqdim etdiyi birinci sosial islahatlar paketi nəticəsində minimum əməkhaqqı martın 1-dən 40 faizədək artırılaraq 130 manatdan 180 manata, pensiyaların minimum məbləği isə 40 faiz artırılaraq 116 manatdan 160 manata çatdırıldı. Dövlətimizin başçısı İlham Əliyevin ikinci sosial paketini əhatə edən 18 iyun 2019-cu il tarixli Sərəncamları bir daha insan amilinə verilən dəyərə işıq salmaqla yanaşı, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən addımların davamlılığını nümayiş etdirdi. İmzalanan 17 Sərəncamla minimum əməkhaqqının, müxtəlif sahələrdə çalışanların maaşlarının artırılması təmin olundu. Bu sənədlərə əsasən minimum əməkhaqqının məbləği cari ilin sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çadırılacaq. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan müşavirədə bir daha diqqəti cari ilin ötən dövründə həyata keçirilən sosial islahatlara yönəldərək bu rəqəmi də açıqlamışdır ki, sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir”.

 V.Rəhimzadə vurğulayıb ki, atılan bu addımlar dövlətimizin başçısı İlham Əliyevin 2003-cü ildə irəli sürdüyü bu hədəfə işıq salır: “Sosial-iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Eyni zamanda, cənab Prezident İlham Əliyev bu mühüm məqamı da çıxışlarında vurğulayır ki, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanmalıdır. Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə səsləndirilən fikirlər və rəqəmlər bir daha bu hədəflərə yüksək səviyyədə nail olunduğunu təsdiqlədi. “Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirib ki, sosial sahə bizim üçün prioritetdir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir”.

Baş redaktor uğurlarımıza söykənərək diqqəti bu günlərdə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında təşkil olunmuş Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Foruma yönəldərək bu mühüm məqamı da açıqlayıb ki, BMT İnkişaf Proqramının insan inkişafı indeksinə görə Azərbaycan “orta insan inkişafı” qrupu ölkələrini tərk edərək, “yüksək insan inkişafı” ölkələri kateqoriyasına daxil edilib: “Həmin Forumda Azərbaycanın yoxsulluqla mübarizə sahəsində təcrübəsi təqdir olunub, öyrənilməsinin vacibliyi bildirilib. Son 15 ildə yoxsulluq səviyyəsinin 49 faizdən 5 faizə enməsi təbii ki, təkmil sosial-iqtisadi islahatların nəticəsidir. İşsizliyin səviyyəsi 5 faizdir. Təkcə cari ilin 6 ayında 60 min yeni iş yeri açılıb. Dövlətimizin başçısı İlham Əliyev daim bu hədəfi açıqlayır ki, yeni iş yerlərinin açılması davamlı olmalıdır. Bu mühüm məqsədi şərtləndirən əsas amil isə ölkəmizin demoqrafik vəziyyətidir. Son 15 ildə əhalinin sayı 1,5 milyon nəfər artıb. Artıq 2019-cu il Azərbaycan tarixinə 10 milyonuncu vətəndaşın dünyaya gəlişi, 10 milyonluq ölkə olmağımız kimi mühüm hadisənin yazılması ilə yadda qalacaq”.