YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT Baş katibinin müşaviri Azərbaycanda aparılan sosial-iqtisadi islahatları yüksək qiymətləndirib

Azərbaycanın Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov BMT Baş katibinin inkişaf və əlaqələndirmə məsələləri üzrə müşaviri Robert Piper və Misirin Planlaşdırma, Monitorinq və Administrativ İslahatlar naziri xanım Hala Əlsaid ilə görüşüb.

Robert Piper ilə görüşdə Əli Əhmədov Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə əməkdaşlığının uğurla davam etdiyini, bu əməkdaşlıq çərçivəsində bir sıra uğurlu layihələrin həyata keçirildiyini, o cümlədən ölkəmizin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri təşəbbüsünə qoşulması ilə təşkilatla əməkdaşlıqda yeni səhifə açıldığını vurğulayıb. Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında da ön sıralarda olmağı planlaşdırdığı, bu məqsədlə ölkədə bütün fəaliyyət planları, strategiyalar və dövlət proqramlarının DİM-lərə uyğunlaşdırıldığı diqqətə çatdırılıb.

Bundan başqa, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğu, 1 milyondan çox azərbaycanlının yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyü və bütün bunların ölkədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında çətinliklər yaratdığı qeyd edilib. Bu məqsədlə dövlət tərəfindən qaçqın və məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi, onların sosial xidmətlərə çıxışının artırılması və maddi rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlərin görüldüyü vurğulanıb.

Baş katibin müşaviri Robert Piper BMT sistemində aparılan islahatlar barədə məlumat verib və bu dəyişikliklərin ölkələrlə əməkdaşlıqda daha səmərəli nəticələrə nail olunacağını söyləyib. O, Azərbaycanda aparılan sosial-iqtisadi islahatları və ölkəmizin DİM-lərin həyata keçirilməsində göstərdiyi səyləri yüksək qiymətləndirib. Baş katibin müşaviri Azərbaycanda qısa müddət ərzində DİM-lərə inteqrasiya istiqamətində görülən işləri, habelə regionda və MDB məkanında ilk ölkə olaraq Azərbaycan tərəfindən ikinci dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda ikinci Könüllü Milli Hesabatın təqdim olunduğunu vurğulayaraq, bütün bunların ölkəmizin DİM-lərə nail olunmasında sərgilədiyi müsbət yanaşmanın nümunəsi olduğunu diqqətə çatdırıb. Robert Piper DİM-lərə nail olunmasında bütün maraqlı tərəflərin prosesə cəlb olunmasının vacibliyini qeyd edərək, xüsusilə bu istiqamətdə dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətini vurğulayıb. Bu məqsədlə BMT, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə birlikdə regionda DİM-lərin həyata keçirilməsi üzrə ən uğurlu ölkə olduğunu nəzərə alaraq Azərbaycanda bu istiqamətdə pilot layihələrin həyata keçirilməsinin mümkünlüyünü diqqətə çatdırıb.

Baş katibin müşaviri Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi üçün BMT-nin hər zaman Azərbaycana dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb. O, eyni zamanda, məcburi köçkünlərin əmək bazarına inteqrasiya edilməsi və məşğulluqlarının artırılması istiqamətində Azərbaycan Hökuməti ilə birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü qeyd edib.

Nazir Hala Əlsaidlə görüş zamanı Baş Nazirin müavini Əli Əhmədov Azərbaycanın Misirlə daim dostluq münasibətlərinin olduğunu və bir sıra istiqamətlərdə əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. O, bu əməkdaşlığın gələcəkdə DİM-lər, əhali artımı və demoqrafik planlaşdırma üzrə daha da genişləndirilməsinin mümkünlüyünü vurğulayıb.

Xanım Hala Əlsaid Azərbaycanı DİM-lərin həyata keçirilməsi üzrə müsbət təcrübə qazanması və artıq 2 milli hesabat təqdim etməsi münasibətilə təbrik edib. O, bu istiqamətdə Misir Ərəb Respublikası ilə əməkdaşlığın genişləndirilməsini təklif edib. Nazir, eyni zamanda, Azərbaycanda əhaliyə göstərilən dövlət və sosial xidmətlərin səmərəli tətbiqi üçün yaradılan “ASAN” və “DOST” mərkəzlərinin fəaliyyəti ilə tanış olmaq və bu təcrübənin Misirdə tətbiq edilməsi üçün əməkdaşlığın qurulması məqsədilə ölkəmizə səfər etmək niyyətinin olduğunu bildirib. Səfər Baş Nazirin müavini tərəfindən müsbət qarşılanıb və xanım nazir Bakıya dəvət edilib.