YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fərid Nəsibov: Oğuzda YAP-ın təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri” layihəsinin birinci turu uğurla başa çatdı

“Oğuzda Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri” layihəsinin birinci turu uğurla başa çatdı”. Bu fikri YAP Gənclər Birliyi Ofisinin rəhbəri Fərid Nəsibov deyib.

F.Nəsibov bildirib ki, birinci turda Oğuzda yay məktəbinin açılışı olub. Açılış mərasimində iştirak edən YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib ki, partiyamızın təşəbbüsü ilə gerçəkləşdirilən bu layihə ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Yeni Azərbaycan Partiyasının “Gənc liderlərin yay məktəbləri” ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin tərkib hissəsi olan bu layihə gənclərin siyasi biliklərinin, intellektual səviyyələrinin artmasında da olduqca mühüm rol oynayır.  Layihənin məqsədlərindən biri də  gənclərin asudə vaxtlarını səmərəli təşkil etməklə yanaşı, onların ictimai həyatdakı fəallığının daha da artırılmasından ibarətdir.

Birinci tur çərçivəsində Milli Məclisin deputatı  Kamilə Əliyeva gənclərlə görüşüb. Eləcə də,   “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova liderlik kursu çərçivəsində gənclərə özünüidarəetmə və özünütərbiyə mövzularında təlim keçib. Bu təlim də gənclərdə böyük maraqla qarşılanıb.

Yay məktəbində iştirakçı gənclərə Yeni Azərbaycan Partiyasının ideoloji istiqamətləri, partiyanın gənclər siyasəti haqqında məlumat verilib. Eləcə də, Oğuz şəhərində gəzinti, muzeylərlə, qədim alban kilsəsi, bu ərazidə yaşayan azsaylı xalqların mədəniyyəti ilə  ilə tanışlıq baş tutub.

Yay məktəbinin iştirakçıları arasında interaktiv oyunlar da keçirilib. Hər günün sonunda isə əyləncəli şou-proqram təşkil edilib. “Bütövlükdə, birinci turda iştirak edən gənclər üçün yay məktəbi xoş təssüratlar yaratdı”-deyə, F.Nəsibov qeyd edib.