YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Ölkəmiz UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi etdi

“UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun artmasının ifadəsidir”. Bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, Azərbaycan ümumdünya mədəni və təbii irsin qorunması sahəsində ən yaxşı təcrübələri bir araya gətirərək bu prosesə mühüm töhfələr verir. Onun sözlərinə görə, UNESKO-nun bu tədbiri ümumbəşəri dəyərə malik tarixi və mədəni abidələrin Dünya İrs Siyahısına salınması üçün müzakirələr aparmaq baxımından əhəmiyyətlidir. Dünyanın müxtəlif ölkələrindən 2500-dən çox nümayəndənin iştirakı və tədbirin yüksək səviyyədə təşkili Azərbaycanın bu işə töhfəsini göstərir.

Millət vəkili söyləyib ki, Azərbaycan-UNESKO əlaqələri uğurla inkişaf edir. Azərbaycan dövlətinin bu təşkilatla əməkdaşlığa böyük önəm verdiyini deyən S.Hüseynovanın sözlərinə görə, respublikamızın Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu əlaqələrin inkişafında xüsusi rolu var. Azərbaycanın zəngin tarixə və mədəniyyətə malik olduğunu söyləyən deputat bir çox tarixi-mədəni abidələrimizin UNESKO-nun mədəni irs siyahısına daxil edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun İrs siyahısına salınması xalqımızın tarixinə və mədəniyyətinə verilən böyük dəyərdir.

S.Hüseynova onu da qeyd edib ki, etnik və dini tolerantlıq Azərbaycanda dövlət səviyyəsində təbliğ edilir və ölkənimdə müxtəlif xalqlara məxsus dini və tarixi mədəni abidələrin qorunmasına həssaslıqla yanaşılır. “Bu fakt bütün dünya tərəfindən, o cümlədən  UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən mötəbər qonaqlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın multikultural sahədə təcrübəsini digər dövlətlər də öyrənməlidir. Belə mədəniyyət tədbirləri ölkələrə bir-birinin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradır. Artıq UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası uğurla başa çatdı. Təşkilatın rəhbərliyi Azərbaycanın bu tədbirə evsahibliyini yüksək qiymətləndirdi. Bütün bunlar ölkəmizin belə beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün böyük təcrübəyə malik olduğunu bir daha təsdiqləyir”-deyə, deputat qeyd edib.