YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Azərbaycanın UNESKO-da apardığı davamlı işin növbəti ifadəsidir

"Azərbaycanın UNESKO ilə əlaqələri xüsusilə təqdirəlayiqdir. Respublikamızla bu təşkilat arasında münasibətlərin də əhatə dairəsi getdikcə genişlənir. Belə ki, Azərbaycan öz imkanlarını təqdim edərək UNESKO ideyalarının reallaşmasında daim fəal rol oynayır. Eyni zamanda, qurum Azərbaycan həqiqətlərinin, ələlxüsus da zəngin mədəniyyətimizin dünyada təbliğində kifayət qədər səmərəli platforma qismində çıxış edir". Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib.

Milli Məclisin deputatının fikrincə, Azərbaycanla UNESKO arasında uğurlu əməkdaşlıq nəticəsində İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. "Bu mühüm hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha yüksək dəyərləndirildiyinin təsdiqidir. Musiqi xəzinəmizin inciləri olan muğam və aşıq sənəti, Novruz bayramı, tar ifaçılığı sənəti də Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olunub. Bir sözlə, bu əməkdaşlıq Azərbaycanın sərvətlərinin beynəlxalq məkanda dəyərləndirilməsində əhəmiyyətli rol oynayır".

Milli Məclisin deputatı deyib ki, Azərbaycanla UNESKO arasında əməkdaşlığın möhkəmlənməsindən söhbət açarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna rolunu xüsusi vurğulamaq lazımdır. "Onun davamlı səyləri və məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycan-UNESKO əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Mehriban xanım Əliyeva Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə görə UNESKO tərəfindən 2004-cü ilin sentyabr ayında qurumun şifahi və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədənirs nümunələri UNESKO-nun müvafiq siyahılarında yer almaqdadır.

Sahibə Qafarova bildirib ki, Azərbaycan UNESKO arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərən digər mühüm məqam ölkəmizin evsahibliyi ilə keçirilən tədbirlərdir. Onun sözlərinə görə, müxtəlif illərdə ölkəmizdə keçirilən "UNESKO-Azərbaycan: gələcəyə körpü" mövzusunda beynəlxalq konfransda, "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forumda və digər tədbirlərdə beynəlxalq ictimaiyyəti narahat edən aktual məsələlər müzakirəyə çıxardılıb və mühüm qərarlar qəbul edilib. 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. UNESKO-unun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası milli-mənəvi dəyərlərimizin, tarixi-mədəni irsimizin qorunması və təbliğinin, eyni zamanda, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmağın dövlət siyasətimizin əsas tərkib hissələrindən biri olduğunu sübuta yetirir.

S.Qafarova deyib ki, iyulun 7-də Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi isə Azərbaycanın UNESKO-da apardığı davamlı işin, həmçinin maddi mədəniyyət nümunələrinin qorunmasına göstərdiyi xüsusi diqqətin növbəti ifadəsidir. Bu fakt dünyanın mədəni-turistik xəritəsində Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirir. Bakıda keçirilən sessiyada çıxarılan qərar Azərbaycan xalqının dünya mədəniyyətinə xüsusi töhfəsinin beynəlxalq səviyyədə növbəti təsdiqidir: "Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıblar. Dövlət başçısının təbrikində bildirilir ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin tarixi hissəsi yüzillər boyu ölkəmizin mədəniyyət mərkəzlərindən biri kimi tanınmışdır. Unikal abidələrlə zəngin Şəki şəhərinin tarixi hissəsinin mühafizəsi və inkişafı daim dövlətin diqqətində saxlanılmışdır. Dövlət başçısı təbrikində xüsusi olaraq nəzərə çatdırıb ki, Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur".