YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavanşir Paşazadə: Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər uğurla davam etdirilir

“Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər uğurla davam etdirilir. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev iyunun 18-də minimum əməkhaqqının, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncamlar imzalayıb. Bu sərəncəmlar ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin bariz nümunələridir”. Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

C.Paşazadə bildirib ki, ölkəmizin məqsədyönlü siyasətini cəmiyyətdən, xalqdan aldığı sifarişlər əsasında formalaşdıran Prezident İlham Əliyev qarşıya respublikamızda sosial vəziyyəti dünyanın inkişaf etmiş ölkələrindəki səviyyəyə çatdırmaqla bağlı mühüm vəzifə qoyub. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb. Respublikamızda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasətinin ardıcıl xarakter daşıdığını deyən C.Paşazadə  vurğulayıb: “Respublikamızda 2019-cu ilin əvvəlindən isə ötən il anonsu verilən böyük sosial paketin icrası aktiv fazaya daxil olub. İlin əvvəlindən bəri dövlət başçısı bilavasitə ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldilməsinə, onları narahat edən müxtəlif sosial məsələlərin həllinə yönələn çoxlu sayda Fərman və sərəncamlar imzalayıb. Biz bu sırada dövlət başçısının imzaladığı sənədlər əsasında müvafiq kateqoriyadan olan şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsini, problemli kreditlər məsələsinin həllini tapmasını, bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsini, əməkhaqlarının, pensiyaların, tələbə təqaüdlərinin, müavinətlərin artırılmasını və digər belə tədbirləri qeyd edə bilərik. Sosial sferada atılan bu kimi addımlar bilavasitə insanların rifah halının yaxşılaşdırılmasına, onların gəlir imkanlarının artırılmasına hesablanıb. Bütövlükdə deyə bilərik ki, 2019-cu ilin əvvəlindən bəri Prezident İlham Əliyevin müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu və bu məqsədlər üçün 1.5 milyard manat vəsait ayrıldı. Dövlət başçısının müxtəlif sahələrdə çalışan işçilərin əməkhaqlarının artırılması ilə bağlı imzaladığı yeni sərəncamlarla isə sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlayıb”.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyev əslində imzaladığı yeni sənədlərlə əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə növbəti sosial paketi bəyan edib. Respublikamızda dövlət büdcəsindən maliyyələşən ayrı-ayrı təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılması nəzərdə tutulur. Əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması müvafiq kateqoriyadan olan insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir. Eləcə də, minimumum əməkhaqqı 250 manata çatdırılıb. Millət vəkilinin sözlərinə görə, yeni sosial paket ölkə Prezidentinin “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisini bir daha təsdiq edir.