YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir

“Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir. Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu günə səbəb olan Ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm qayıdışından ayrı təsəvvür etmək mümkün deyil. Şübhəsiz ki, Ulu öndər Heydər Əliyevin möhtəşəm qayıdışı olmasaydı və milli qurtuluşumuz baş tutmasaydı, tamam fərqli bir Azərbaycanda yaşamağa məhkum olardıq. O Azərbaycan indi bizim üçün dəyərli olan, bizim hər birimizin qürur duyduğumuz Azərbaycandan fərqlənmiş olacaqdı”. Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, xalqımız tərəfindən 15 İyun - Milli Qurtuluş Günü müasir tariximizin ən önəmli hadisəsi kimi qeyd edilir, dəyərləndirilir. Bu, onunla əlaqədardır ki, insanlar bugünkü həyatlarını, ölkəmizin bugünkü firavanlığını və gələcəklə bağlı aydın görünən perspektivlərini Milli Qurtuluş Günü ilə, Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə əlaqələndirirlər. Çünki Azərbaycanın müasir tarixində, hər bir vətəndaşın həyatında baş verən müsbət dəyişikliklər, ilk növbədə, Heydər Əliyevin möhtəşəm qayıdışı və bu qayıdışın yaratdığı Qurtuluş məfkurəsi ilə birbaşa bağlıdır.

Əli Əhmədov deyib ki, qurtuluş və Heydər Əliyevin möhtəşəm qayıdışı Azərbaycan xalqının istəyinin və iradəsinin ifadəsi kimi qəbul olunur: “Ölkəmizin tarixinin ən həssas dövründə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın mövcudluğunun, müstəqilliyinin və gələcək inkişafının yeganə və həlledici səbəbi kimi qavranılır. Bu gün o dövrə qayıdarkən və Azərbaycanın indiki reallıqlarını göz önünə gətirib müqayisə apararkən Heydər Əliyevin möhtəşəm qayıdışının Azərbaycanın müasir tarixində və hər bir vətəndaşın həyatında nə qədər önəmli bir hadisə olduğunu dəyərləndirmək çətin olmaz. Heydər Əliyevin tarixi qayıdışı Azərbaycanın müstəqilliyinin xilası idi. Bu qayıdışın əsasını Qurtuluş məfkurəsi təşkil edir. Qurtuluşun digər mənası Azərbaycanın siyasi təlatümlərdən xilas edilməsi ilə bağlıdır. O dövrü xatırlayanlar bunun nə demək olduğunu aydın şəkildə təsəvvür edirlər. Qurtuluş, eyni zamanda, iqtisadi tənəzzülün qarşısını aldı. Bu da Heydər Əliyevin böyük qayıdışını əks etdirən çox vacib məqamlardan biridir. Eyni zamanda, bir məqam da odur ki, qurtuluş Azərbaycanı o zaman düçar olduğu beynəlxalq təcriddən xilas etdi. Ümumiləşmə apararaq demək olar ki, Qurtuluş məfkurəsi Azərbaycanın mənəvi böhrandan, mənəvi aşınmadan xilas olması mənasını daşıyır. Heydər Əliyevin hakimiyyətə qayışı, əslində, Azərbaycanı bütün istiqamətlər üzrə bürümüş böhrandan xilas etdi. Bu, Heydər Əliyevin xilaskarlıq missiyasını özündə ehtiva edirdi. 1990-cı illərin əvvəlində Azərbaycan təlatümlü anlarını yaşayanda xalqın qəlbində əsas kök salan istəklər hər şeydən əvvəl Azərbaycanın məhv olmaqdan xilas olunması ilə bağlı idi. Bu xilası da Ümummilli lider Heydər Əliyevin adı ilə əlaqələndirirdilər. Heydər Əliyevin atdığı qətiyyətli addımlar insanların bu gözləntilərini tamamilə doğrultdu”.
Müstəqilliyin əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran Əli Əhmədov Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib. Baş nazirin müavini qeyd edib ki, Ulu öndərin işləyib hazırladığı müasir müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.