YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Cəbrayılova: Azərbaycan hər bir beynəlxalq təşkilatla münasibətlərini dövlət və xalq maraqları çərçivəsində qurur

“Azərbaycan hər bir beynəlxalq təşkilatla münasibətlərini və əməkdaşlığını dövlət və xalq maraqları çərçivəsində qurur”. Bu fikri Milli Məclisin deputatı  Dilarə Cəbrayılova deyib.

D.Cəbrayılova bildirib ki, Prezident İlham Əliyevin Brüsselə səfəri və bir sıra rəsmilərlə görüşü artıq dərəcədə uğurlu və səmərəli olub. Onun sözlərinə görə, Prezidenti İlham Əliyev Brüsselə  səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və Belçikalıların Kralı Əlahəzrət Filip ilə görüşüb: “Hər iki görüşdə dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verərək Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunduğunu, münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında və ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırıb. Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunulub, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub və Prezident İlham Əliyevin Belçikaya səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfə verəcəyi bildirilib. Hesab edirəm ki, bu görüşlər hazırki mərhələdə milli maraqlarımızın təmin olunması, torpaqlarımızın işğaldan azad olunması istiqamətində atılan mühüm addımlar kimi qiymətləndirilməlidir”.

Millət vəkili qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər inkişaf edir: “Əlaqələrin yüksəlməsi Azərbaycanın Avropa ilə daha yaxın olmağa, Aİ-yə inteqrasiya yolunun daha da qısalmasına təsir edən amildir. Münasibətlərin inkişafı təkcə Azərbaycanın deyil, həm də Aİ-nin marağına cavab verən addımdır. Bildiyiniz kimi Azərbaycanla Aİ arasında sazişin imzalanması nəzərdə tutulur ki, bu sənədin imzalanması hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə də sıx əlaqələrə malikdir, Azərbaycanın Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır”.

Deputat deyib ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gündən-günə artmasını, dövlətimizin regionda söz sahibinə çevrilməsini gözü götürməyən qüvvələr ölkəmizdə mötəbər tədbirlərin həyata keçirildiyi bir vaxtda daha da fəallaşırlar: “Brüsseldə 3-4 antimilli qüvvələrin etiraz təşkil etmək cəhdi onların iddialarının kimsə tərəfindən dəstəklənmədiyinin əyani sübutdur. Hesab edirəm ki, onların özlərini azərbaycanlı adlandırmağa mənəvi haqqı yoxdur. Brüsseldə aksiya keçirmək cəhdi bu insanların Azərbaycan dövlətinə və xalqına düşmən münasibətini əyani şəkildə nümayiş etdirir. Xaricdəki Azərbaycanı istəməyən havadarların, düşmənlərimizin puluna öz dövlətini və xalqını gözdən salmağa çalışan bu kimi ünsürlərin mövcudluğu təəssüf doğurur. Azərbaycan dövləti öz uğurlu siyasəti ilə dünya dövlətləri arasında hörmətini qazanmış bir dövlətdir. Bu gün Azərbaycan dövləti Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində güclənir və bütün dünyanın beynəlxalq səviyyəli tədbirləri Azərbaycanda keçirilir. Bütün bunlar sübut edir ki, xalq öz Prezidentinin yanındadır və birmənalı tərzdə Onu dəstəkləyir”.