YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Baş Məclisinin iclası işə başlayıb

Mayın 17-də Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Baş Məclisinin 3-сü iclası işə başlayıb.

İclasda İttifaqa daxil olan 30 ölkədən - Azərbaycan, Albaniya, Banqladeş, Misir, Gürcüstan, Yunanıstan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Moldova, Türkiyə, İspaniya, Rusiya, İsrail, Ukrayna, Tunis, Mərakeş, İordaniya, Bolqarıstan, Çin, Özbəkistan, Polşa, Pakistan, Macarıstan, İndoneziya, İtaliya, Portuqaliya, Litva, Şri-Lankadan 33 gənclər təşkilatının nümayəndəsi iştirak edir.

Mayın 19-dək davam edəcək tədbirdə İttifaqın siyasi sənədlərinin qəbul edilməsi, beynəlxalq əməkdaşlıq üzrə siyasətinin müəyyənləşdirilməsi, gənclər siyasəti və təşkilatın strateji fəaliyyəti ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulub. Tədbirdə işçi qrupların paralel müzakirə sessiyaları təşkil olunacaq və qeyd edilən məsələlər həmin sessiyalarda daha geniş nəzərdən keçiriləcək. İclas çərçivəsində İttifaqın İdarə Heyətinə seçkilər keçiriləcək və növbəti 3 il üçün prioritetlər müəyyənləşdiriləcək.

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə keçirilən iclasın açılış mərasimində gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, nazirliyin gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov, Prezident Administrasiyasının gənclər və idman siyasəti şöbəsinin məsləhətçisi Aydan Kərimli, eləcə də yerli gənclər təşkilatlarının sədrləri iştirak ediblər.

Tədbirin əsas məqsədi “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının gələcək fəaliyyət strategiyasını müəyyənləşdirmək, təşkilatın daxili məsələlərini müzakirə etmək, ümumi fəaliyyətini qiymətləndirmək, İpək Yolu üzərində yerləşən digər xalqların mədəni irsinin təbliğində, mədəniyyətlərarası dialoqun inkişafında müsbət rolunu artırmaq, gənclərin ittifaqın fəaliyyətində rolunu gücləndirməkdir.

Qeyd edək ki, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 2012-ci ildə təsis olunub. İpək Yolu üzərində yerləşən ölkələrdəki gənclər təşkilatlarının fəaliyyətini koordinasiya edən, ümumi maraqlarını qoruyan beynəlxalq qeyri-kommersiya təşkilatının əsas məqsədi və fəaliyyət dairəsi mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etmək, qarşılıqlı faydalı əməkdaşlıq qurmaq, eləcə də İpək Yolu ölkələri arasında davamlı inkişaf üçün gənclərin potensialından istifadə etməklə vahid platforma yaratmaqdır.