YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanda uşaq hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir

“Azərbaycanda uşaqlara xüsusi diqqət yetirilir. Uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsi istiqamətində sənədlər qəbul edilib və bunlar nəzərə alınıb. Uşaqlarla bağlı məsələlər dövlət siyasətimizin əsas prioritetlərindəndir. İnsan hüquqlarında uşaq hüquqları hər zaman əsas amil kimi qəbul olunub. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq dəyişiklik edilərək “Operatorların və provayderlərin vəzifələri”nə “uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək”, “Abunəçilərin hüquq və vəzifələri”nə isə “uşaqların sağlamlığına və inkişafına zərər yetirən informasiyadan qorunması üçün tədbirlər görülməsini tələb etmək” müddəaları daxil edilib. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun qəbul edilib”. Bu fikirləri Avropa Şurasında keçirilən uşaqların onlayn cinsi istismarı və sui-istifadəsinin qarşısını almaq və ona qarşı mübarizə aparmaq üçün çoxsahəli əməkdaşlığa dair beynəlxalq konfransda çıxış edən Milli Məclisin deputatı, AŞPA-dakı nümayəndə heyətimizin üzvü Sevinc Fətəliyeva bildirib.

Deputat vurğulayıb ki, qanunun icra olunması və orada qeyd edilən vəzifələrin yerinə yetirilməsi üçün əlaqədar dövlət qurumları tərəfindən genişmiqyaslı işlər aparılır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin yaradılması bu sahədə işlərin daha da təkmilləşdirilməsinə zəmin yaradıb. Bundan əlavə, müntəzəm olaraq, aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının iştirakı, gənclər və uşaqların fəal şəkildə cəlb edilməsi ilə maarifləndirici tədbirlər keçirilir.

Diqqətə çatdırılıb ki, cinayətkar qüvvələr internet vasitəsilə ən müxtəlif yaşı, etnik və mədəni mənsubluğu olan şəxslərə təsir göstərə bilirlər. Uşaqların cinsi istismarına yalnız təcavüz deyil, intim söhbətlər, yazışmalar, hətta şəkillərə edilən müəyyən şərhlər də daxildir. Yeniyetmələrin diqqət mərkəzində olmaq və ünsiyyət dairəsini genişləndirmək istəyi onların yad insanlarla münasibətlər qurmasına səbəb olur. Bu, real ünsiyyətdən heç də az təhlükəli deyil. Virtual məkanda uşaqlar həm nəzarətsiz, həm də çox həssasdırlar. Bu vəziyyət müxtəlif dövlət strukturlarının bir-biri ilə əlaqəli fəaliyyətini özündə əks etdirən kompleks yanaşma tələb edir. Bu məqsədlə də ölkəmizdə xidmətdən yararlanan istifadəçilərin müvafiq yaş kateqoriyasına aid hər növ təhlükəli məzmunlardan qorunması üçün bir sıra internet xidmət provayderləri tərəfindən “Təhlükəsiz internet” xidməti istifadəyə verilib.

Bildirilib ki, bir çox ölkələrdə internetdən təhlükəsiz istifadə ilə bağlı problemlərlə məşğul olan təşkilatlar mövcuddur. Belə təşkilatların fəaliyyətini dəstəkləmək və maarifləndirmə işlərində onlara yardım etmək vacibdir. Ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitənin təşəbbüsü ilə “Kidsafe” proqramı hazırlanıb. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələr və sorğular haqqında məlumatlandırılmasına xidmət edir. Orta məktəblərdə uşaqların zərərli informasiyalardan qorunması istiqamətində bir sıra dövlət qurumları, eləcə də qeyri-dövlət təşkilatları tərəfindən təlimlər keçirildiyi vurğulanıb.

İnternetdə uşaq təhlükəsizliyi probleminin bütün səviyyələrdə - ailə, regional və beynəlxalq səviyyədə koordinasiyalı bir həll tələb etdiyini deyən S.Fətəliyeva bildirib ki, bu problemin həllində sistemli şəkildə hərəkət etmək, təkcə qanundan deyil, əxlaq normaları, texnoloji imkanlardan istifadə etmək lazımdır. Bu problemin həlli üçün yeni və ən effektiv mexanizm valideynlərin və uşaqların informasiya mədəniyyətinin formalaşması, valideynlər və uşaqlar arasında rəqəmsal və nəsillərarası boşluğun aradan qaldırılmasıdır.

S.Fətəliyeva internet saytlar və sosial şəbəkələrin yaratdığı zorakılıq risklərinin real həyatdakı zorakılıqdan daha təhlükəli olduğunu bildirib.