YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi Pakistanda daha bir humanitar aksiya keçirib

Pakistanın Pəncab əyalətinin Sarqodha və Hafizabad rayonlarında Xarici İşlər Nazirliyinin nəzdindəki Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) adından humanitar yardım aksiyası keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Taxt Hazara kəndində təşkil olunmuş tədbirdə Pakistan Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən, fövqəladə hallar zamanı zərər çəkmiş insanlara yardımlarla məşğul olan Bayt-ul-Mal təşkilatının icraçı direktoru Abid Vahid Şeyx, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov, bölgənin və kəndin ağsaqqalları, media nümayəndələri, təbii fəlakətdən zərər çəkmiş insanlar iştirak ediblər.

Abid Vahid Şeyx təbii fəlakətdən zərər çəkmiş insanlara yardım etdiklərinə görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib. O, AIDA tərəfindən oktyabrın 23-də sel daşqınları və leysan yağışlarından zərər çəkmiş insanlara humanitar yardım aksiyasına start verildiyini xatırladıb.

Səfir Daşqın Şikarov Azərbaycan və Pakistan arasındakı yüksək səviyyəli əlaqələrdən, AIDA-nın fəaliyyətindən danışıb. D.Şikarov təşkilatın Latın Amerikası, Afrika və Asiyada yerləşən 30-dan çox ölkədə müxtəlif layihələr reallaşdırdığını, humanitar yardımlar həyata keçirdiyini vurğulayıb. Qeyd olunub ki, AIDA Heydər Əliyev Fondu ilə birgə cari ilin mayında Xayber Paxtunxva əyalətinin Dera İslmail Xan bölgəsində “Heydər Əliyev su təchizatı” layihəsini icra edib və bununla da on minlərlə insan içməli su ilə təchiz olunub.

Təbii fəlakətdən zərər çəkmiş insanlar adından danışan bölgənin ağsaqqalı Şahnavaz Raca ağır maddi və mənəvi durumda olan insanların dərdinə şərik çıxdığına görə Azərbaycan xalqına və ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirin sonunda zərərçəkmiş insanlara AIDA adından qida paketləri paylanılıb. Yardım ümumilikdə təbii fəlakətdən zərər çəkmiş 25 min insanı əhatə edib.