YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: “Bir kəmər, bir yol” layihəsinə Azərbaycan çox böyük dəstək nümayiş etdirir

“Pekində 2-ci “Bir kəmər, bir yol” Forumu keçirildi. Bu Forumda 37 dövlət və hökumət başçısı iştirak edirdi. Forumda dünyanın gələcək iqtisadi perspektivləri, eyni zamanda, “Bir kəmər, bir yol” layihəsi ətrafında yaranan yeni tərəfdaşlıq məsələləri və onların perspektivləri, bu nəqliyyat dəhlizinin daha da inkişaf etdirilməsi üçün müəyyən addımların atılması məsələləri müzakirə olundu”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, “Bir kəmər, bir yol” layihəsi 150-dən çox ölkə tərəfindən dəstəklənir və təqribən bir o qədər də bu layihə ətrafında iştirakçı dövlətin olması proqnozlaşdırılır. Bu isə o deməkdir ki, bu yol gələcəkdə yükdaşıma sahəsində dünya iqtisadiyyatının əsas arterial qan damarlarından biri olacaqdır. Şübhəsiz ki, eyni zamanda, bu yol ətrafında özünəməxsus bir iqtisadiyyat formalaşacaq, ayrı-ayrı məntəqələrdə yeni mərkəzlər yaranacaqdır. Bu isə Asiyadan Avropaya uzanan ən qısa və ən səmərəli yol olmaqla yükdaşımalarında və iqtisadi inteqrasiyada XXI əsrin ən böyük layihələrindən birinə çevriləcəkdir.
“Azərbaycan Prezidenti forum çərçivəsində keçirilən yüksək səviyyəli görüşdə çıxış etdi və ölkəmizin mövqeyindən, eyni zamanda, Azərbaycanın bu nəqliyyat qovşağının reallaşmasında oynadığı roldan danışdı. Bununla belə, dövlət başçısı bu proses çərçivəsində Azərbaycanda həyata keçirilən işlərdən geniş bəhs edib. Qeyd etmək lazımdır ki, “Bir kəmər, bir yol” layihəsinə Azərbaycan çox böyük dəstək nümayiş etdirir. Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi və burada yüklərin fasiləsiz olaraq daşınmasının təmin olunması Böyük İpək Yolunun bərpa olunmasında yeni bir tarixi hadisədir. Çünki yüklərin dəniz yolu ilə daşınması gəmilərdən qatarlara, eləcə də qatarlardan gəmilərə yüklənmədə böyük vaxt itkisinə səbəb olur və həddindən artıq uzun müddətə başa gəlirdi. Ancaq Azərbaycanın təmin etdiyi nəqliyyat kommunikasiya vasitəsi fasiləsiz olaraq yüklərin daşınmasını təmin edəcək. Yəni yüklər bir nəqliyyat vasitəsindən digərinə boşaldılıb-doldurulmadan birbaşa təyinat nöqtəsinə yönləndiriləcəkdir ki, bu da mühüm bir keyfiyyət dəyişikliyidir. Şübhəsiz ki, Azərbaycan Prezidenti bu cür beynəlxalq Forumda əldə etdiyimiz nəticələrdən də danışdı. Ölkə başçısı ötən illər ərzində həm yol-nəqliyyat kommunikasiyası sahəsində, həm də bütövlükdə ölkəmizdə ən müxtəlif sahələrdə həyata keçirilən islahatlardan söhbət açdı. Təsadüfi deyil ki, cənab Prezident qeyd etdi ki, beynəlxalq təşkilatların hesablamalarına görə, Azərbaycan on ən islahatçı ölkədən birinə çevrilib. Biz bilirik ki, bura ölkədaxili siyasətlə bağlı həyata keçirilən islahatlar, sosial islahatlar, idarəetmədəki islahatlar, hüquqi islahatlar daxildir və s. Amma təbii ki, bunun beynəlxalq tərəfləri də var. Bu islahatlar nədən ibarətdir? Məsələn, Azərbaycanın həyata keçirdiyi islahatlar nəticəsində “Bir kəmər, bir yol” layihəsi çərçivəsində daşınan yüklərin yükdaşıma tariflərinin birgə müəyyənləşdirilməsi də var. Eyni zamanda, biz bura Ələtdə Azad ticarət zonasının yaranmasını da əlavə edə bilərik. Bütövlükdə, düşünürəm ki, Azərbaycan Prezidenti tərəfindən qeyd olunan bu fikir əslində həm də xarici sərmayədarlar üçün bir çağırış idi. Çünki viza rejiminin sadələşdirilməsi, iqtisadi qanunların optimallaşdırılması, Azərbaycanın sərmayə qoyuluşu üçün ən münbit ölkələrdən birinə çevrilməsi islahatlar paketinə daxil olan məsələlərdir və çoxsaylı investorlar üçün Azərbaycanın cəzbedici bir məkana çevrilməsidir”-deyə, deputat vurğulayıb.