YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hüseynbala Mirələmov: “Mehriban xanım Əliyeva mərhəmət və xeyirxahlıq örnəyidir”

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, ölkənin birinci xanımı  Mehriban Əliyevanın Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonunda salınan “Qobu Park” yaşayış kompleksində məskunlaşan məcburi köçkünlərlə görüşü xalqımızın yaddaşına köçən növbəti unudulmaz xatirələrdən birinə çevrildi. Bu, sadə bir ünsiyyət deyildi, xalqımızın öz əvəzolunmaz MEHRİBANI ilə son dərəcə səmimi və misli-bərabəri olmayan  görüşü idi”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov “yap.org.az” saytına açıqlamasında söyləyib.

Deputat Mehriban xanım Əliyevanın məcburi köçkünlərlə görüşdə şəfqət və mərhəmət dolu çıxışının, Birinci vitse-prezidentin qəlbləri riqqətə gətirən zərif insani münasibətinin xalqımızın  yaddaşına  əbədi həkk olunduğunu qeyd edib: “Mehriban xanım Əliyevanın - “Sizi çox sevirəm. Mən sizin üçün əlimdən gələn hər şeyi edəcəyəm. Mən gəlmişəm sizinlə danışım, problemlərinizi öyrənim. Sizə söz verirəm, həm cənab Prezident, həm mən daim sizin yanınızdayıq. Mən bilirəm ki, siz yararsız binalarda çətin vəziyyətdə yaşayırsınız. İnanın mənə, tapşırığımla yeni yol xəritəsi hazırlanır. Bütün yataqxanalarda, bütün pansionatlarda həm nazirliyin, həm Heydər Əliyev Fondunun əməkdaşları, həm də Regionların İnkişafı Fondunun əməkdaşları bir-bir gəzəcəklər, araşdıracaqlar, insanlarla görüşəcəklər, bütün problemləri öyrənəcəklər, lazım gəlsə, özüm də bütün pansionatları gəzəcəyəm” kimi sevgi və şəfqət dolu fikirləri  bir daha sübut etdi ki, o, ümummili lider Heydər Əliyevin mənəvi ideyalarını layiqincə yaşadan xanım liderdir. Mehriban xanım Əliyeva Heydər Əliyev ideyalarının yetirməsi olmaqla yanaşı, həm də Ulu Öndərin mənəvi övladı idi. Yaşlı məcburi köçkün ananın qarşısında bütün səmimiyyəti və sevgisi ilə dayanan, qəlbinin bütün hərarəti ilə öz vətəndaşlarına qucaq açan  Mehriban xanım Əliyeva atası Arif müəllimdən, anası, mərhum Aida xanımdan aldığı, görüb-götürdüyü tərbiyənin ucalığı ilə, özünün də məqalələrindən birində yazdığı kimi «Heydər Əliyevin həyat dərsləri»ndən öyrəndiyi bütün insani keyfiyyətləri  ilə bir daha xalqımızın könül zirvəsində öz yerini tutdu.

Əslində indi və həmişə insanların bir-birinin sevgisinə, dəstəyinə və diqqətinə çox ehtiyacı var. Daha çox həssaslıq, daha yüksək diqqət, daha artıq sevgi insanların zaman qarşısında, eləcə də çətinliklər önündə ayaqda qalmalarına, öz həyat amallarına doğru irəliləmələrinə yardım edə bilər.

Mehriban xanım Əliyeva məhz bunları bildiyinə görə daim öz güc mənbəyi hesab etdiyi xalqının yanındadır. Birinci vitse-prezidentin görüşdə səsləndirdiyi “Mən hər zaman sizin yanınızdayam. Bu, mənim borcumdur. Mən xüsusi olaraq gəlmişəm ki, sizin yaşayış probleminiz qısa bir zamanda həll olunsun, normal yaşayış şəraiti təmin edilsin. Bilirsiniz, həm Azərbaycan dövləti, həm Prezident, həm də şəxsən mən, bütün bu problemlərlə gündəlik fəaliyyətimizdə məşğul oluruq. Çıxış yolları da var. Bu günə qədər çox işlər görülüb, 300 mindən çox qaçqınımız, məcburi köçkünümüz mənzillə, evlə təmin olunub. Amma yenə də bu problem var. Biz gərək özümüz üçün proqram yaradaq ki, bütün bu məsələləri ardıcıl olaraq həll edək və bütün soydaşlarımızı normal yaşayış şəraiti ilə təmin edək. Mən bu yolda əlimdən gələn hər şeyi etməyə hazıram” kimi  fikirləri ilə  vətəndaşların durumuna  olan həssaslığını, diqqətini və sevgisini ifadə etdi. Məhz bu səmimiyyətə, son dərəcə həssas və insani münasibətə görə də həmin görüşdə insanlar Mehriban xanım Əliyevaya öz anaları, öz övladları kimi qucaqlayıb sarılırdılar.

Mehriban xanım Əliyevanın missiyası  yıxılanı ayağa qaldırmaq, köməksizə, binəsibə əl tutmaq, insanlara daha yüksək diqqət və qayğı göstərməyin zəruriliyini cəmiyyətə misilsiz örnək kimi çatdırmaqdır. Məhz bu düşüncənin işığında cəmiyyət aydın şəkildə dərk edir ki, xeyirxahlıq, humanizm və sevgi bütün dövrlər üçün aktualdır, lazımdır, gərəklidir, vacibdir...

Görüşün sonunda  Mehriban xanım Əliyevanın “İnşallah, Qarabağda biz eyni belə gözəl mənzillərdə görüşək” arzusu isə hamının ürəyindən xəbər verdi. Bu böyük arzudakı qətiyyət və inam isə bizi o möhtəşəm günün lap yaxında olduğuna inandırır!”