YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Dövlət büdcəsindən ayrılan vəsaitlər gənclərə özlərini cəmiyyətdə təqdim etməyə şərait yaradır

Oktyabrın 29-da Bakıda Gənclər siyasəti üzrə birinci qlobal forumun rəsmi açılış mərasimində çıxış edən  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, gənclər siyasəti ilə bağlı ölkəmizdə keçirilən ilk qlobal forum bizim üçün çox vacib tədbirdir: “Bu qədər çox ölkənin nümayəndələrini qəbul etməkdən böyük şərəf hissi duyuruq. Əminəm ki, ölkəmizdə keçirəcəyiniz vaxt sizin xatirənizdə qalacaq. Gənclər siyasəti ilə bağlı ilk forumun burada keçirilməsindən fərəh hissi duyuruq. Əlbəttə ki, gələcəkdə bir çox digər forumlar da keçiriləcək. Lakin bu forum tarixdə ilk forum kimi qalacaq. Biz qəbul edən ölkə kimi Azərbaycanı seçdiklərinə görə təşkilatçılara minnətdarıq. Bunu hökumətimizin idman və gənclər, fəal inkişaf siyasəti sahəsində göstərdiyi səylərin yüksək qiymətləndirilməsi kimi qəbul edirik. Gənclər, idman, incəsənət bir-biri ilə bağlıdır. Ölkəmiz və hökumətimiz həyatımızın bu sahələrinə böyük əhəmiyyət verir.”

Dövlət başçımız qeyd edib ki, bizim üçün mühüm prioritetlərdən biri də təhsildir. Fərəhlənirik ki, Azərbaycanda savadlılıq səviyyəsi demək olar ki, yüz faiz təmin edilib. Gənclər siyasətinə gəldikdə, həmçinin olduqca mükəmməl qanunvericilik bazası mövcuddur. Gənclər siyasəti ilə bağlı qanun var. “Azərbaycanda gənclərlə bağlı iki Dövlət Proqramı qəbul edilib və uğurla həyata keçirilib. Bu yaxınlarda biz Gənclər Fondunu yaratmışıq. Dövlət büdcəsindən bu fonda ayrılan vəsaitlər gənclərə özlərini cəmiyyətdə təqdim etməyə şərait yaradır. Onlar mədəniyyət, təhsil və sosial sahələrə, eləcə də siyasi islahatlara aid olan layihələr üzərində işləyirlər. Başqa sözlə desək, bu fond gənc nəslə öz istedadını müəyyən etməyə, özünü cəmiyyətə təqdim etməyə və beləliklə, ölkəmizin inkişafına töhfə verməyə yardım edir.
Təhsil və savadlılıq məsələlərinə toxundum. Həmçinin bildirmək istəyirəm ki, təhsil də hökumətimiz üçün əsas prioritetlərdən biridir. Çünki biz tamamilə əminik ki, yalnız təhsilli, müxtəlif sahələrdə biliklərə malik insanlar həm ölkənin, həm özlərinin inkişafına kömək edə bilərlər. Əgər dünyada inkişaf etmiş ölkələrin keçdiyi yola və əldə etdiyi nailiyyətlərə nəzər yetirsək, görərik ki, uğurlu inkişafın əsas vasitələri enerji sərvətləri, mineral ehtiyatlar, neft və qaz yox, məhz təhsil, elm və texnoloji yeniliklərdir. Yalnız təhsil, bilik və texnologiya bütün bəşəriyyətin aparıcı qüvvəsidir. Bütövlükdə bəşəriyyət innovasiyalardan, müasir texnologiyalardan faydalanır. Buna görə də təhsil Azərbaycanda prioritetlərdən biridir. Hesab edirik ki, beynəlxalq təhsil mərkəzləri ilə sıx əməkdaşlıq edərək biz daha böyük nailiyyətlər qazana bilərik. Bu səbəbdən uzun illər ərzində hökumətimiz gənc nəsillərimiz üçün dünyanın aparıcı universitetlərində təhsil proqramlarını maliyyələşdirir. Bu il təqribən 40 milyon avroya yaxın vəsait gənclərimizin xaricdə təhsili üçün sərf edilib. Eyni zamanda, biz Azərbaycanda təhsilin səviyyəsini artırmaq üçün bu sahəyə böyük sərmayələr yatırırıq və universitetlərimizlə dünyanın aparıcı təhsil ocaqları arasında beynəlxalq əlaqələri daha da artırmağa çalışırıq.”-deyə, Prezident İlham Əliyev bildirib.

Azərbaycanda idmanın nailiyyətlərindən bəhs edən Prezident İlham Əliyev: “İdmançılarımız Azərbaycanı beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında layiqincə təmsil edirlər. Sonuncu Olimpiya Oyunları bizim üçün tarixi əhəmiyyətə malikdir. Çünki 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan əvvəlki illərlə müqayisədə ən yüksək nəticəni əldə etdi. Azərbaycan demək olar ki, 200 ölkə arasında 30-cu oldu. Gənclər arasında Olimpiya Oyunları da Azərbaycan üçün əlamətdar oldu. Yığmamız təxminən 200 ölkə arasında 10-cu oldu. Bu, onu göstərir ki, Olimpiya hərəkatının inkişafı, müasir idman qurğularının yaradılması siyasəti nəticə verir. Eyni zamanda, idman cəmiyyətimizin həyatının ayrılmaz hissəsinə çevrilib. Gənc nəslin idman fəaliyyətinə qoşulması və həvəsləndirilməsi məqsədini daşıyan Dövlət proqramları nəinki ölkənin beynəlxalq yarışlarda nüfuzu, o cümlədən gənclərə uğurlu yolun göstərilməsi baxımından vacibdir. Eyni zamanda, fiziki sağlamlıq gənclərə bütün həyatları boyu yardımçı olur. Bunun sayəsində gənclər pis vərdişlərdən, alkoqoldan, siqaret çəkməkdən və narkotik maddələrdən uzaq olurlar.

Buna görə siyasətimizin sosial sahəsi vacibdir. Həmçinin fərəhlənirik ki, Azərbaycan Avropa və dünya çempionatlarını qəbul edən ölkəyə çevrilib. Gələn il Azərbaycanda ilk Avropa Oyunlarını keçirəcəyik. Bu, bizim üçün tarixi hadisə olacaq. Panamerika, Asiya, Afrika Oyunlarından fərqli olaraq, Avropa Oyunları əvvəllər heç zaman keçirilməyib. Bu tədbir ilk dəfə burada keçiriləcək. Bu Oyunlara 6 mindən çox atlet qatılacaq. Bu idman tədbirini Yay Olimpiya Oyunları səviyyəsində keçirməyi planlaşdırırıq.”-deyə, bildirib.