YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar” mövzusunda tədbir keçirilib

Aprelin 24-də Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında “Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, bir sıra siyasi partiyaların rəhbərləri, tarixçilər və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov çıxış edərək bildirib ki, yüz ildən çoxdur ki, bəşəriyyət erməni yalanı ilə üz-üzədir. Onun sözlərinə görə, bu yalanın 100 ildən çox davam etməsi onu göstərir ki, məkrli, çirkin məqsədlərə xidmət edir. YAP Sədrinin müavini qeyd edib ki, qondarma “erməni soyqırımı”nı sübuta yetirən heç bir fakt yoxdur. Bu yalan həm də ermənilərin qardaş Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək məqsədi ilə bağlıdır: “Digər tərəfdən isə Türkiyəyə siyasi təzyiqlərin göstərilməsi, müəyyən hallarda Azərbaycana qarşı bu yalandan istifadə edilməsi ilə bağlıdır”.

Əli Əhmədov söyləyib ki, Türkiyənin müxtəlif bölgələrində, Azərbaycanda ermənilər tərəfindən qırğınların törədilməsi, əhalinin kütləvi şəkildə qətlə yetirilməsi, etnik təmizləmə siyasətinin həyata keçirilməsi bu həqiqətin bir hissəsidir: “Nəhayət, Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi, bir milyondan artıq insanın etnik təmizləməyə məruz qalması bəşəriyyətin susduğu, haqqında danışmaq istəmədiyi reallıqlardandır”.

O vurğulayıb ki, Azərbaycan və Türkiyə olaraq qarşımızda duran əsas vəzifələrdən biri dünyada erməni yalanlarının ifşa edilməsi istiqamətində işlərimizi daha da gücləndirməkdir: “Azərbaycan və Türkiyə olaraq qarşımızda duran əsas vəzifələrdən biri bəşəriyyətə ermənilərin və onların havadarlarının yalanlarının əsassız olduğunu sübuta yetirmək üçün lazım olan işləri sistemli şəkildə həyata keçirmək, resurslarımızı birləşdirməkdir. Bu prosesdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, 1 milyondan çox azərbaycanlının bu işğal nəticəsində məcburi köçkünə çevrilməsi daim diqqət mərkəzində olmalıdır”.

Əli Əhmədov bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində maddi və mənəvi sərvətlərimiz talan edilib, böyük humanitar fəlakət baş verib. Biz səylərimizi daha güclü şəkildə birləşdirərək əsl həqiqətləri dünyaya çatdırmalı, uydurma “erməni soyqırımı”nı qətiyyətlə pisləməliyik.

“Təəssüflə qeyd etməliyik ki, vaxtilə dünyanın ayrı-ayrı bölgələrində işğal siyasəti həyata keçirən və böyük insan tələfatlarına səbəb olan qırğınları reallaşdıran dövlətlər uydurma “erməni soyqırımı”nı tanıyır, bu yöndə Ermənistana dəstək göstərirlər. Buna görə də bizim çox ciddi təbliğat işlərinə ehtiyacımız var. Son illər aparılan uğurlu diplomatik səylər nəticəsində Xocalı soyqırımının tanınması üçün xeyli işlər görülüb, bir sıra dövlətlərin parlamentləri bu qətliamı soyqırımı kimi tanıyıb. Bütün bunların nəticəsində yalançı “erməni soyqırımı”nın mahiyyətinə zərbə vurulub. Buna baxmayaraq, bizim qarşımızda bu istiqamətdə böyük vəzifələr dayanır. Bu məsələdə Türkiyə və Azərbaycan daim birlik nümayiş etdirməli, vahid milli iradə ortaya qoyulmalıdır”, - deyə YAP Sədrinin müavini vurğulayıb.

Çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qeyd edib ki, həqiqətin öz yerini tapmasının artıq vaxtıdır. Türk xalqının tarixində heç bir zaman utanılacaq hadisə baş verməyib. Səfir bildirib ki, qondarma “erməni soyqırımı” haqqında yalanın dünyaya yaymağa çalışılması tarixə qarşı ədalətsizlikdir: “Biz bu yalanı dünyaya yaymağa çalışanları, bununla bağlı haqsız mövqe tutanları qınayırıq. Bu, əslində, dünyanın keçmişinə, həqiqətə, ədalətə qarşı edilən haqsızlıqdır. Biz həqiqətləri ortaya çıxarırıq. Bu həqiqətlər üzə çıxdıqca erməni yalanları da üzə çıxır. Azərbaycanda ermənilər tərəfindən törədilən qətliamlar dünyanın gözü qarşısında baş verib. Bu qətliamı törədənlər Ermənistanda qəhrəman elan ediliblər. Bu, dünyanın ən böyük haqsızlığıdır”.

E.Özoralın sözlərinə görə, bəzi ölkələrin qondarma “erməni soyqırımı”nı gündəmə gətirməsi haqsızlıqdır: “Qoy tarixçilər bunu araşdırsınlar. Biz Türkiyə olaraq arxivləri açmışıq, istənilən şəxs gəlib arxivlərdə araşdırma apara bilər. Ancaq ermənilərin arxivləri bağlı saxlanılır. Bu günə qədər 34 türk dilomatı ASALA terror təşkilatı tərəfindən qətlə yetirilib, Xocalıda günahsız insanlar ermənilər tərəfindən öldürülüb. Bunların hesabı verilməlidir, günahkarlar cəzalarını çəkməlidirlər”.

Səfir qeyd edib ki, bir neçə il öncə Türkiyə erməni tərəfinə arxivlərin açılmasını və bu məsələnin birgə araşdırılmasını təklif edib. Bu təklif hələ də keçərlidir. Diplomat çıxışında hər iki ölkənin qarşılaşdığı təhdidlərin, faciələrin hər zaman eyni olduğunu diqqətə çatdırıb: “Biz bir millət, iki dövlətik. 1918-ci ildə Birinci Dünya müharibəsinin sonlarında rus orduları Anadoluya irəliləməyə başladı. Ərzurumu, Ərzincanı ələ keçirdilər. Bu zaman Bakıdakı İsmailiyyə binasında yerləşən xeyriyyə cəmiyyəti Anadoludakı qardaşlarına yardım etdi. Türkiyəni, Osmanlı imperiyasını keçmişdə soyqırımı törətməkdə ittiham edənlər özlərinin əməllərini unutmaqdadırlar. 1918-ci ildə Azərbaycanda etdiklərinin eynisini Anadoluda da həyata keçirdilər. Ərzurum, Ərzincan, Van, Qars, Ərdahan və İğdırda hansı qətliamlar törətdilərsə, eynisini Azərbaycan torpaqlarında da törətdilər. Bu gün ermənilər utanmadan türkləri soyqırımı törətməkdə günahlandırırlar. Anadoluda törətdikləri hadisələri də Osmanlı dövlətinə qarşı özlərini müdafiə etmək üçün törətdiklərini iddia edirlər. O zaman onlardan soruşmaq lazımdır ki, bəs niyə Azərbaycanda bu əməlləri törətdin? Axı burada sənə toxunan yox idi. Azərbaycanda o dönəm yaşananlar eyni şəkildə Anadoluda da yaşanıb”.

AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov dünya tarixində ən dəhşətli soyqırımlarının Azərbaycan xalqına qarşı edildiyini bildirib. “Bu gün Azərbaycan öndə gedən ölkələrdən biridir. Prezidentimiz müasir inkişafın Azərbaycan modelinin müəllifidir. Fikrimcə, iqtisadi, sosial və digər sahələrdə qazanılan uğurlarla yanaşı, bu modelin ən böyük uğuru tariximizə sahib çıxmağımızdır. Azərbaycançılıq, türkçülük təfəkkürünün qalib gəlməsidir. Erməni quldurlarının Azərbaycana qarşı törətdikləri, dinc insanlara, Azərbaycan xanımlarına, qız-gəlinlərinə, qocalara verdiyi əziyyətlərin analoqu yoxdur, dünya tarixində belə vəhşiliyə təsadüf olunmur. Quba Soyqırımı Memorial Kompleksinin yaradılması tariximizə sahib çıxmaq baxımından olduqca vacib addım oldu. Dünya ermənilərin yalanını çox asan eşidir və ona inanır. Bizim həqiqətləri isə qəbul etməyə meyilli deyil. Ona görə də biz daha çox işləməliyik. Təbliğat sistemimizi daha da mükəmməlləşdirməliyik. Bütün bunlarla bağlı çox qiymətli sənədlər var. Təəssüf doğuran hal isə dünyanın bunu görmək istəməməsidir. BMT-nin Ermənistanın təcavüzkar ölkə olması barədə 4 qətnaməsi var. Məgər dünya bunu görmür?”, - deyə Y.Mahmudov söyləyib.

Y.Mahmudov deyib ki, erməni-daşnak quldurları türk-müsəlman xalqlarına qarşı Şimali və Cənubi Azərbaycanda, Şərqi Anadoluda və Mərkəzi Asiyada soyqırımları törədiblər: “Tarix İnstitutunda türk-müsəlman xalqlarına qarşı soyqırımları problemi ilə əlaqədar beynəlxalq əlaqələndirmə mərkəzi fəaliyyət göstərir. Biz Bakıda, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, İrəvan quberniyasında, Naxçıvanda, Şərqi Anadoluda və Urmiya bölgəsində erməni-daşnak quldurlarının törətdiyi soyqırımlarıyla bağlı ayrı-ayrılıqda monoqrafiyalar çap etdirmişik”.

O qeyd edib ki, sovet dönəmində Azərbaycan xalqına qarşı soyqırımları tarixi araşdırılmayıb və Şaumyan isə qəhrəman kimi təqdim edilib.

“İnstitutda xalqımıza qarşı soyqırımları tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Son illərdə instituta Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən on minlərlə arxiv sənədi gətirilib. İnstitut soyqırımları ilə bağlı onlarla sənəd toplusu nəşr etdirib”, - deyə institutun direktoru vurğulayıb.

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən mötəbər məclislərində, forumlarda və siyasi görüşlərdə Azərbaycan xalqına layiq olan milli cəsarət nümunəsi göstərərək itirilmiş torpaqlarımızın hamısının adını çəkir. Və hər yerdə bildirir ki, Zəngəzur tamamilə azərbaycanlılardan ibarət idi, İrəvan qədim Azərbaycan şəhəridir, Ermənistan Respublikası deyilən dövlət bizim tarixi torpaqlarımızda yaradılıb. Bunları Azərbaycanın dövlət başçısı bütün çıxışlarında bəyan edir və bütün dünya dövlətimizin başçısı tərəfindən deyilmiş bu sözləri eşidir”, - deyən Y.Mahmudov əlavə edib ki, AMEA-nın Tarix İnstitutunda ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımlarla bağlı fundamental elmi əsərlər yaradılıb: “Biz tariximizə sahib çıxırıq. Biz heç kimdən torpaq istəmirik, amma öz tariximizin, mədəniyyətimizin sahibləriyik. Biz məmləkətimizi hissə-hissə itirmişik və torpağımızın bir hissəsində müstəqil dövlətimiz dirçəlib. Amma bu gün bir daha deyirik ki, bizə qarşı ərazi iddiası irəli sürənlər bu cür çıxışlar etməsinlər. Azərbaycan xalqı itirilmiş torpaqlarını yaxşı tanıyır, o torpaqlarımızdakı mədəniyyətimizi yaxşı bilir, öyrənir”.

Tədbirdə həmçinin Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı, Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev və YAP İdarə Heyətinin üzvü Kərim Kərimov çıxış edərək mövzu ilə əlaqədar fikirlərini bildiriblər.

Tədbirə yekun vuran Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ümummilli məsələlərdə həmrəylik nümayiş etdirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan gücləndikcə bu yöndə işlər daha yaxşı nəticələr verəcək. Əli Əhmədov, həmçinin keçmiş SSRİ dövründə deportasiyaya məruz qalmış xalqların öz haqlarını bərpa etdiyini deyərək Azərbaycanın da bununla bağlı müvafiq beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmasını məqsədəuyğun sayıb: “1948-1953-cü illərdə erməni tərəfinin təhriki və sovet hökumətinin qərarı ilə azərbaycanlılar tarixən yaşadıqları indiki Ermənistan ərasizindən deportasiya olunublar. Sovet dövründə azərbaycanlılardan başqa, belə deportasiyaya məruz qalmış digər xalqlar öz hüquqlarını bərpa ediblər. Hesab edirəm ki, bizim də belə bir addım atmağımız müəyyən nəticələr verə bilər”.

Əli Əhmədov, həmçinin erməni yalanlarının dünyada ifşa olunması istiqamətində diaspor təşkilatlarının daha da səmərəli fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

Sonda uydurma “erməni soyqırımı” ilə əlaqədar tədbir iştirakçıları adından bəyanat qəbul olunaraq müvafiq beynəlxalq qurumlara və dövlətlərın parlamentlərinə göndərilməsi qərara alınıb.