YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-NATO əməkdaşlığının inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb

Aprelin 17-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının baş direktoru general-leytenant Yan Broeksin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfərin NATO-nun yaranmasının 70 illiyi və Azərbaycan-NATO əməkdaşlığının 25-ci ildönümünə təsadüf etdiyini vurğulayan nazir Alyansla əlaqələrin çoxşaxəli olduğunu və bu tərəfdaşlığın yubileyinin qeyd olunmasına dövlət səviyyəsində xüsusi diqqətin ayrıldığını bildirib.

Müdafiə naziri NATO-nun ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə verdiyi siyasi dəstəyi xatırladaraq bunun, ümumilikdə, Avratlantik məkanda təhlükəsizliyin möhkəmlənməsinə, eləcə də regional sülhə və sabitliyə xidmət etdiyini nəzərə çatdırıb.

Y.Broeks, öz növbəsində, Azərbaycan-NATO əlaqələrini yüksək qiymətləndirərək sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni, Alyansın bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakını, habelə NATO-nun müxtəlif qərargahlarında xidmət edən zabitlərimizin hazırlığını xüsusi vurğulayıb.

Görüşdə Azərbaycan ilə NATO arasında həyata keçirilən əməkdaşlıq proqramları və layihələri çərçivəsində əməliyyat hazırlığı, təlimlərin keçirilməsi, hərbi təhsilin inkişafı, qüvvələr arasında qarşılıqlı uzlaşmanın əldə olunması məsələləri müzakirə edilib və əməkdaşlığın inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.