YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Qlobal Bakı Forumu çox nüfuzlu beynəlxalq platformadır

"Dünyada yüksək nüfuza malik olan Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir, regional və qlobal əməkdaşlığın dərinləşməsinə əhəmiyyətli töhfələr verir. Martın 14 -də Azərbaycanın paytaxtında Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə öz işinə başlayan VII Qlobal Bakı Forumu da bu baxımdan xüsusi vurğulanmalıdır". Bu fikiri Milli Məclisin deputatı Malik Həsənov deyib. Onun sözlərinə görə, 55 ölkədən 500 -dən çox nümayəndənin iştirak etdiyi Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlərin müzakirəyə çıxarılması böyük önəm daşıyır: "Qlobal Bakı Forumu çox nüfuzlu beynəlxalq platformadır. Bu Forumda dünyanı narahat edən qlobal məsələlər müzakirəyə çıxarılır, regional və beynəlxalq problemlərlə bağlı səmərəli fikir mübadiləsi aparılır. Prezident İlham Əliyev Forumda çıxışı zamanı çox aktual və mühüm məsələlərə toxundu. Dövlət başçısı regionda , dünyada vəziyyətin dəyişdiyini, ölkəmizin xarici siyasət təşəbbüslərinin dəyişən dünyaya uyğunlaşdırıldığını diqqətə çatdırdı. Azərbaycan Prezidenti "Bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik , sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir",-deyə vurğuladı. Həqiqətən də, Azərbaycan milli maraqlara əsaslanan və çoxvektorlu xarici siyasət həyata keçirərək həm regional, həm də beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə fundamental töhfələr verir. Uğurlu xarici siyasətin nəticəsidir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır". "Azərbayca Prezidenti bəhs olunan Forumda çıxışı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunaraq ölkəmizin prinsipial mövqeyini bir daha diqqətə çatdırdı. Dövlət başçısı qeyd etdi ki, münaqişə beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Prezident İlham Əliyevin səsləndirdiyi bu fikir Azərbaycanın qətiyyətli mövqeyini bir daha əks etdirir. Ölkəmiz münaqişənin beynəlxalq hüquq normaları əsasında tənzimlənməsi prosesində aşkar diplomatik üstünlüyə nail olub, Azərbaycanın haqlı və ədalətli mövqeyi beynəlxalq səviyyədə dəstəklənir",-deyə M. Həsənov əlavə edib.