YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Dövlət Departamentində “Azərbaycan mədəniyyəti günü” keçirilib

Oktyabrın 24-də Dövlət Departamentində Azərbaycanın ABŞ-dakı səfirliyinin və AAFSW (The Associates of the American Foreign Service Worldwide) təşkilatının birgə səyi ilə “Azərbaycan mədəniyyəti günü” keçirilib.

Din Açeson Auditoriyasında təşkil olunan tədbirdə Dövlət Departamentinin nümayəndələri, ABŞ-da akkreditə olmuş diplomatlar, AAFSW təşkilatının, Amerika ictimaiyyətinin, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

AAFSW-in prezidenti Patrisia Linderman və təşkilatın proqram rəhbəri Şeyla Svitzer çıxış edərək Dövlət Departamentində “Azərbaycan mədəniyyəti günü”nün keçirilməsinin Azərbaycanın zəngin mədəniyyətinin təbliği baxımından əhəmiyyətini vurğulayıb, belə tədbirlərin iki ölkənin xalqlarını daha da yaxınlaşdırdığını qeyd ediblər.

Daha sonra səfir Elin Süleymanov Azərbaycan mədəniyyətinin xarakterik xüsusiyyətləri barədə iştirakçılara məlumat verib. Azərbaycan mədəniyyətinin müxtəlif qollarının inkişaf tendensiyasından ətraflı bəhs edib, Azərbaycan mədəniyyətinin müxtəlif mədəni irsləri özündə əks etdirdiyini vurğulayıb. Eyni zamanda, səfir Heydər Əliyev Fondunun və Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dünyada Azərbaycan mədəniyyətinin, o cümlədən ecazkar muğam musiqisinin tanınmasındakı müstəsna xidmətlərini qeyd edib.

Sonra tədbir Azərbaycan mədəniyyətinə aid elementlərin əyani olaraq nümayişi ilə davam edib.

Azərbaycanlı caz ustası, dahi bəstəkar Qara Qarayevin nəvəsi Zülfüqar Bağırovun və ABŞ-ın məşhur pianoçularından olan Hərri Apelmanın səsləndirdiyi Azərbaycan caz nümunələri, Birləşmiş Ştatlarda təhsil alan azərbaycanlı tələbə Şahin Ələkbərovun pianoda müşayiəti ilə bu ölkədə yaşayan digər həmyerlimiz Nurlan Qasımovun ifa etdiyi “Ala gözlüm”, “Bu gün ayın üçüdür” kimi xalq mahnıları iştirakçılara xoş anlar yaşadıb.

“Naz Eləmə” və “Turacı” rəqsləri də izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir iştirakçılarına Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.
 

 

DİGƏR Xəbərlər Arxiv