YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərnəşr” erməni saxtalaşdırmalarını ifşa edən 17 kitabın təqdimatını keçirib

“Azərnəşr” nəşriyyatı erməni saxtalaşdırmalarını ifşa edən 17 kitabın təqdimatını keçirib. Xarici ölkələrin arxivlərində saxlanılan sənədlərin əsli əsasında hazırlanan bu kitablar Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunub.

“Azərnəşr” nəşriyyatının direktoru Azər Mustafazadə deyib ki, gələn il Osmanlı Türkiyəsində qondarma erməni soyqırımının 100 illiyi tamam olur. Hazırda erməni dövlətinin və diasporunun təbliğat maşınının səyləri ermənilərin guya Türkiyədə kütləvi məhv edilməsi faktına hüquqi status verməyə, bunu bütün dünya ictimaiyyətinin şüurunda qanuniləşdirməyə yönəlib. Həmin hadisələr haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün “Azərnəşr” nəşriyyatında rus, ingilis, fransız və alman dillərində kitablar silsiləsi nəşr olunub. Erməni və xarici müəlliflərə məxsus bu kitablarda hadisələr obyektiv qiymətləndirilib.

“Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov bildirib ki, həmin seriyadan 16 kitab qondarma “erməni soyqırımı”na həsr edilib. Həmin kitablarda təsvir edilən hadisələr 1926-cı ilə qədər olan dövrü əhatə edir.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev çıxışına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat üçün bəyanatından bu sözləri sitat gətirməklə başlayıb: “Biz dünyada qondarma “erməni soyqırımı”nın ifşası ilə bağlı öz işlərimizi əlaqələndirilmiş şəkildə aparmalıyıq”.

Bu sözləri proqram xarakterli strateji istiqamət adlandıran Kamal Abdullayev qeyd edib ki, həmin istiqamətdə iş artıq başlanıb. “Azərnəşr” tərəfindən çap olunan kitabları yüksək qiymətləndirən Dövlət müşaviri vurğulayıb ki, bu kitablar çox böyük və ciddi zəhmətin bəhrəsidir. Arxiv məlumatlarının və faktların dili ilə danışan həmin kitabların müəllifləri Rusiya, Almaniya, Fransa, Gürcüstan, Ukrayna nümayəndələridir. K.Abdullayev bildirib ki, Azərbaycan və Türkiyə haqqında həqiqətləri dünya birliyinə çatdıran, ermənilərin yalanlarını ifşa edən həmin kitablar artıq müxtəlif ölkələrin kitabxanalarına göndərilib. Dövlət müşaviri 17 cild əsasında alimlər, siyasətçilər, tələbələr və s. üçün müxtəlif variasiyalarda icmal xarakterli ayrıca bir kitabın nəşr olunmasını təklif edib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib ki, ermənilərin yalanları bütöv bir əsr ərzində bütün dünyaya yayılıb, hətta sovet rəhbərliyi də bu məsələyə birtərəfli yanaşıb. Azərbaycanda o illərin hadisələri ilə bağlı çox az sayda sənəd olub və həmin sənədlər “məxfi” qrifi altında saxlanılıb. Bu kitabların nəşrini yüksək qiymətləndirən natiq bildirib ki, onları hazırlamaq üçün 120 elmi mərkəzin mənbələrindən istifadə olunub. O deyib ki, bu kitablar gələcək elmi tədqiqatlar üçün etibarlı elmi mənbədir.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, “Azərnəşr” nəşriyyatında işıq üzü görən kitablar Frankfurtda keçirilən kitab yarmarkasında nümayiş etdirilib. O, bu kitabları erməni təbliğatına sarsıdıcı zərbə adlandıraraq vurğulayıb ki, Azərbaycan informasiya blokadasını yara bilib.

Milli Məclisin deputatı Elmira Axundova “Azərnəşr”in gördüyü işi yüksək qiymətləndirərək xatırladıb ki, ermənilərin yalanını ifşa edən erməni müəllifləri də var. E.Axundova Robert Arakelovun “Faciənin günahkarları məlumdur”, “Qarabağ dəftəri” və ”Səhra komandirinin etirafları” kitablarını təkrar nəşr etməyi təklif edib. Həmin kitablarda müəllif erməni mənbələrinə söykənərək, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəblərindən, Sumqayıt hadisələrindən söz açır, ermənilərin dinc azərbaycanlıların başına gətirdikləri dəhşətləri ətraflı şəkildə təsvir edir.

AMEA-nın Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov bildirib ki, institut İran, Böyük Britaniya, Fransa, Rusiya və Gürcüstanda saxlanılan arxiv sənədləri əsasında ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlər haqqında 8 kitab hazırlayıb. Bu arxiv sənədləri arasında İrəvanın ermənilərə verilməsi barədə sənədlər də var. O bildirib ki, ermənilər tərəfindən törədilən və 700 min azərbaycanlının qətlə yetirilməsi ilə nəticələnən soyqırımının xəritəsi tərtib olunub. C.Bəhramov belə bir faktı da diqqətə çatdırıb ki, 2015-ci ildə Qubada azərbaycanlıların soyqırımına həsr olunan beynəlxalq konfrans keçiriləcək.

Təqdimat mərasimində “Azərnəşr” tərəfindən nəşr olunan kitabların elektron versiyasını hazırlamaq təklifi səslənib.