YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Meksika Senatında “Qarabağ mənim xatirimdə” adlı sərgi açılıb

Meksika Senatında həmyerlimiz, ABŞ-da yaşayan azərbaycanlı rəssam və memar Yavər Rzayevin rəsm ekspozisiyalarından ibarət “Qarabağ mənim xatirimdə” (“Karabakh on my mind”) adlı sərgi açılıb.

Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib ki, Senatın xarici əlaqələr komitəsinin sədri xanım Qabriela Kuevas Barronun təşkilatçılığı ilə keçirilən tədbirin açılış mərasimində Meksika Konqresinin və ölkə ictimaiyyətinin nümayəndələri, diplomatik korpusun üzvləri, habelə Senatın vitse-prezidenti Xose Rosas Arispuro iştirak edib.

Tədbiri açan senator Q.Kuevas sərgini dünyada mədəni müxtəlifliyə və sivilizasiyalararası dialoqa dəstəyin nümayişi və xalqlarımız arasında mədəni körpü kimi qiymətləndirib.

Sərginin təşkilinə görə Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyinə təşəkkür edən senator, bu tədbirin cari ilin yanvarında Azərbaycana səfər etmiş meksikalı senatorların ikitərəfli əlaqələrimizin inkişafına yönəlik fəaliyyətinin bariz nümunəsi olduğunu bildirib.

Yavər Rzayevi tanınmış memar və rəssam kimi xarakterizə edən natiq, onun əsərlərinə dünyanın müxtəlif rəsm festivallarında rast gəlindiyini qeyd edərək, sənətkarın bu sərgi ilə ölkəsini Meksikaya bir daha yaxınlaşdırdığını diqqətə çatdırıb.

Sərginin açılmasını iki ölkə arasında mədəni əlaqələrin daha da yaxınlaşmasına xidmət etdiyini söyləyən Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfiri İlqar Muxtarov bunu qarşılıqlı əməkdaşlığın inkişaf göstəricisi kimi dəyərləndirib.

Əslən Qarabağdan olan və hazırda ABŞ-da yaşayan azərbaycanlı rəssam Yavər Rzayevin sərgisinin təşkilindən fəxarət hissi duyduğunu bildirən səfir, müəllifin doğma torpağına sevgi və duyğularını öz əsərlərində ustalıqla canlandırdığı dağ və dərələrin təsvirində təzahür etdiyini diqqətə çatdırıb. Qarabağın təkcə təbii deyil, həm də böyük mədəni zənginliyə malik olduğunu qeyd edən natiq, bölgənin məşhur muğam və xalçaçılıq sənəti, habelə şair, yazıçı, rəssam və bəstəkarlar diyarı olduğunu vurğulayıb.

Azərbaycanın tarixi torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və 1 milyondan çox soydaşının qaçqın və məcburi köçkünə çevrildiyini xatırladan diplomat münaqişənin sülh yolu ilə həllinə ümidlə yanaşmanın insan təbiətinin təzahürü olduğunu bildirib.

Sərginin təşkilinə və Azərbaycan ilə Meksika arasındakı münasibətlərin inkişafına yönəlik səylərinə görə xanım Q.Kuevasa təşəkkür edən səfir, bir daha tədbir iştirakçılarını xalqlarımız arasında dostluq və əməkdaşlığın təzahürü olan sərgidə iştiraka dəvət edib.

Rəsm sərgisinin açılışında iştirakından məmnunluğunu ifadə edən Senatın vitse-prezidenti Xose Rosas Arispuro burada Qarabağın tarixi və təbiətinin nümayiş etdirildiyini diqqətə çatdırıb. O, sərgini zəngin tarixi və mədəniyyəti olan xalqlarımız arasında bir mədəni mübadilə və əməkdaşlığa töhfə nümunəsi kimi qiymətləndirib. Beynəlxalq əməkdaşlıq və mədəniyyətlərarası dialoqun əhəmiyyətini vurğulayan X.R.Arispuro qlobal dünyada təcrid vəziyyətində yaşamağın mümkün olmadığını bildirib.

Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.

Oktyabrın 31-dək davan edəcək sərgidə Qarabağın tarixi və təbii landşaftını əks etdirən 11 rəsm nümayiş olunur.

Tədbirdə, həmçinin ölkəmizin tarix, mədəniyyət və mətbəxinə aid kitab və broşürlər sərgilənib, Azərbaycan və Meksika milli mətbəxi nümunələrindən ibarət ziyafət təşkil olunub.