YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında “Xocalı soyqırımını unutmadıq” adlı tədbir keçirilib

Fevralın 25-də Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında “Xocalı soyqırımını unutmadıq” adlı  tədbir keçirilib.

Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, 27 il əvvəl Azərbaycan tarixində ən dəhşətli faciələrdən biri baş verib: “Bir gecədə erməni-daşnak silahlı qüvvələri, onlara havadarlıq edənlər tərəfindən Xocalı şəhəri tamamilə məhv edilib, yer üzündən silinib. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq bir valideynini itirib. Qətlə yetirilən insanlar dinc, köməksiz insanlar olub. Bu mənada bu qətliam təkcə Azərbaycan xalqının başına gətirilən faciə deyil, Xocalı soyqırımı XX əsrdə dünyanın ən dəhşətli qətliamlarından biridir, insanlığa qarşı cinayətdir. Hər il xalqımız bu faciəni, onun qurbanlarının xatirəsini anır”.

Əli Əhmədovun sözlərinə görə, qarşımızda duran vəzifələrdən biri ondan ibarətdir ki, Xocalı faciəsi Azərbaycan xalqının tarixi yaddaşına çevrilsin: “Azərbaycan xalqı heç zaman qisasçı olmayıb, amma bizim istəyimiz odur ki, bu qətliamı törədənlər layiqli cəzasını alsınlar, qanun qarşısında cavab versinlər. Eyni zamanda, məqsədimiz Xocalı faciəsini dünyaya tanıtmaqdır. Bu istiqamətdə dövlət tərəfindən, ictimai təşkilatlar tərəfindən işlər görülür, bəzi ölkələr artıq Xocalı soyqırımını tanıyıblar. Güman edirəm ki, bu faciəni soyqırımı kimi tanıyanların sayı artacaq. Ona nail olmalıyıq ki, bütün dünya bu soyqırıma siyasi qiymət versin. Bunun üçün hər bir vətəndaşın, o cümlədən gənclərin üzərinə vəzifələr düşür. Biz bir millət kimi səfərbər olaraq bu istiqamətdə səylərimizi daha da gücləndirməliyik".

YAP Sədrinin  müavini qeyd edib ki, Xocalı faciəsindən ibrət dərsi də götürmək lazımdır. Onun fikrincə bu faciənin baş verməsinin digər bir səbəbi o zaman dövlətin gücünün zəif olması idi: “İnsanların təhlükəsizliyinin təmini üçün dövlətin gücü olmalıdır. Dövlət zəif olanda torpaqlarını qoruya bilmir. Dövlətin gücü olmayanda kimlərsə onun torpağını işğal edirlər. 1990-cı illərdə bu hadisələrin baş verməsinin səbəblərindən biri də dövlətin öz torpaqlarını qorumaq üçün lazımi gücə malik olmaması idi. Erməni tərəfinin məqsədi o idi ki, ö havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal etsin. O dövrdə dövlətimizin gücünün olmaması onları öz məqsədlərinə çatdırırdı. Bilirsiniz ki, 1990-cı illərin əvvəlində respublikamızda daxili çəkişmələr nəticəsində dövlət çox zəifləmişdi. Ona görə də, dövlətin strukturları öz üzərinə düşən vəzifələri yerinə yetirə bilmir, müxalifət isə hakimiyyətə gəlmək üçün hər cür vasitəyə əl atırdı. Bunun nəticəsində də, sərhədlərimiz, torpaqlarımız lazımi səviyyədə qoruna bilmirdi. Ona görə də, bu gün həmin hadisələrdən  dərs almalıyıq. Kimlərinsə ölkəmizdə sabitliyi pozmasına imkan verməməliyik”.

“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov bildirib ki, Xocalı soyqırımı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Qeyd edib ki, bu gün Azərbaycan dövləti Ermənistanın cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görür.

Tədbirdə şəhid övladı Almaz Həsənova, ADA Universitetinin tələbəsi Murad İsmayılzadə və Azərbaycan Dillər Universitetinin tələbəsi Mərhəmət Həsənli çıxış ediblər.