YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Azərbaycan Prezidenti tərəfindən atılan addımların hər biri təqdirəlayiqdir

“Azərbaycan Prezidenti tərəfindən atılan addımların hər biri təqdirəlayiqdir. Dövlət başçısının qərarlar ilə həm sosial təminat, həm də xidmət sahələrinin inkişafı təmin edilir ki, bu da nəticə etibarı ilə ölkə iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin yaradılmasına və digərlərinə xidmət edir. Amma təəssüflər olsun ki, bəzən ölkə başçısının atdığı addımları əhaliyə düzgün çatdıra bilmirik. Azərbaycanın əleyhinə işləyən qüvvələr, əhalini aldatmaqla qazandıqlarımızı öz adlarına çıxmaq istəyirlər”. Bu fikirləri  YAP İcra katibinin müavini, Mili Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri  Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

S.Novruzov  bildirib ki, Azərbaycan Prezidentinin fərmanı ilə şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi məsələsində də bunun şahidi olduq: “Azərbaycan Prezidentinin tapşırığı ilə bu məsələ araşdırıldı və mühüm addımlar atıldı. Lakin bir qrup Azərbaycan əleyhinə işləyən qüvvələr, əhalini aldatmağa çalışanlar bu məsələni öz adlarına çıxmaq istədilər. Halbuki, ölkə başçısı çoxdan bu məsələ ilə bağlı tapşırıq vermişdi. Minimum əmək haqqı ilə bağlı da uzun müddət idi ki, araşdırmalar, müzakirələr gedirdi. Xarici ölkələrin təcrübəsi öyrəndikdən sonra bu istiqamətdə də mühüm addım atıldı. Xaricdə oturan bir qrup şəxs, böhtan şər kampaniyası aparanlar bu addımları öz adlarına çıxır, əhalini çaşdırmağa çalışdılar”.

S.Novruzov qeyd edib ki, deputatlar yerlərdə keçirilən hesabat tədbirləri, seçicilərlə keçirilən görüşlərdə insanlara həqiqətləri çatdırmalıdırlar: “Azərbaycan Prezidenti bütün məsələlərə hamıdan öncə reaksiya verərək problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atır. İstər şəhid ailələrinin mənzillə təminatı, istərsə gənclərin təminatı, onların irəli çəkilməsi məsələlərində də təşəbbüskar ölkə başçısıdır. Biz hər birimiz bu məsələləri ictimaiyyətin diqqətinə lazımi səviyyədə çatdırmalıyıq. İnsanlara atılan addımların dövlətin prioriteti olduğunu başa salmalıyıq”.