YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: 20 Yanvar faciəsi Azərbaycan xalqının öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəsinin qarşısını almaq məqsədi daşıyırdı

“20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq salnaməsinin parlaq nümunəsidir”. Bu fikri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı  Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, kommunist diktaturası 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqanıstana qarşı törətdiyi cinayətkar hərbi müdaxiləni 1990-cı ildə Azərbaycan xalqına qarşı da həyata keçirdi. Lakin bu beynəlxalq cinayət öz qəddarlığına görə kommunist diktaturasının bütün əvvəlki cinayətlərindən fərqlənirdi. Fərq onda idi ki, Azərbaycana göndərilən peşəkar cəza dəstələrinin tərkibinə Stavropol, Krasnodar, Rostov və başqa yerlərdən səfərbərliyə alınmış erməni əsgər və zabitləri, Azərbaycandakı sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.

“20 Yanvar faciəsi Azərbaycan xalqının öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəsinin qarşısını almaq məqsədi daşıyırdı. Bu hadisə sovet imperiyasının qaniçənliyini təsdiqləməklə yanaşı, həm də xalqımızın azadlıq əzminin sarsılmaz olduğunu sübuta yetirdi. Qanlı hadisəyə kəskin etiraz olaraq 1990-ci il yanvarın 21-də Ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, mətbuat konfransı keçirdi, hadisəyə siyasi qiymət verdi. Məhz həmin qətiyyətli mövqe respublikamızın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə vurdu. O zaman nə Kreml rəhbərliyinə etiraz etmək, nə də 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi üçün təşəbbüs göstərilməsinə Ulu öndərdən başqa heç bir siyasətçinin cəsarəti və qüdrəti çata bilməzdi. Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra da, bu məsələni xüusi diqqət mərkəzində saxladı. 1994-cü ildə Ümummilli liderin təşəbbüsü ilə parlament 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi. Bu gün Ulu öndər Heydər Əliyev qurduğu müstəqil ölkəmiz sürətlə inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Ona görə də, şəhidlərimiz ruhu şaddır”-deyə, Y.Mahmudov vurğulayıb.