YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağstafa rayon təşkilatında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə YAP Ağstafa rayon təşkilatının sədr müavini Lalə Eyyubova açaraq faciə haqqında fikirlərini bildirib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının Gənclər Birliyinin sədri Elvin İmaməliyev,  Ağstafa rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, YAP Ağstafa rayon  təşkilatı Qadınlar Şurasının sədri Şəhanə Osmanova, Zəlimxan kənd orta məktəbinin direktoru Qalib Cəfərov, “Ağstafa” qəzetinin baş redaktoru İbrahim Əliyev, rayon Gənclər və İdman idarəsinin rəisi Feruz Həsənov və başqaları çıxış edərək 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə baş verən qanlı hadisələrdən söz açıblar. 
Bildirilib ki, Sovet imperiyası rəhbərliyinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeritdiyi ordu amansız cinayətlər və kütləvi qırğınlar törətdi. O qanlı gecədə milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 140 nəfərə yaxın mülki şəxs qətlə yetirildi, 700-dən çox günahsız insan yaralandı, yüzlərlə şəxs itkin düşdü, yaxud qanunsuz həbs edildi. Sovet rəhbərliyinin xalqın iradəsini, milli azadlıq hərəkatını boğmaq niyyəti baş tutmadı. Bu yolda ilk şəhidlərini verən xalqımız milli azadlıq mübarizəsini davam etdirərək müstəqilliyə qovuşdu.

Qanlı 20 Yanvar faciəsindən 29 il ötsə də, həmin gün şəhid olan oğul və qızlarımızın xatirəsi istər respublikamızda, istərsə də xaricdə yaşayan soydaşlarımız tərəfindən hər il hörmət və ehtiramla anılır. Çıxışlarda 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq mübarizəsi tarixində mühüm yerinin və rolunun olduğu vurğulanıb.
Qeyd olunub ki, bu qanlı hadisəyə ilk və ən kəskin münasibəti məhz xalqımızın Ümummilli lideri, həmin dövrdə Moskvada yaşayan Heydər Əliyev bildirdi. Ulu öndər Heydər Əliyev Özünün və ailə üzvlərinin həyatının təhlükə altında olmasına baxmayaraq, kəskin bəyanatla çıxış edərək Sovet İttifaqı rəhbərliyini Bakıda qanlı qırğın törətməkdə ittiham etdi. Faciəyə ilk siyasi qiymət də məhz Ümummilli lider Heydər Əliyev tərəfindən verildi. Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra - 1994-cü ilin martında 20 Yanvar faciəsinə ilk dəfə olaraq siyasi-hüquqi qiymət verilib.