YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədləri gənclər üçün” mövzusunda konfrans keçirilib

Dekabrın 20-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədləri gənclər üçün” mövzusunda konfrans keçirilib.

Əvvəlcə Dayanıqlı İnkişaf Məqsədlərindən bəhs edən videoçarx nümayiş olunub.

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, konfransın moderatoru Hüseyn Hüseynov bildirib ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında 25-27 sentyabr 2015-ci il tarixində Minilliyin İnkişaf Məqsədlərinin davamı olaraq 17 dayanıqlı inkişaf məqsədi, 169 hədəf və 231 göstəricini özündə birləşdirən qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə dair qərar qəbul olunub. Onun sözlərinə görə, sənəd “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” adlanır və Azərbaycan da daxil olmaqla 193 ölkə tərəfindən qəbul olunmuş qlobal sənəddir: “Sənəd davamlı inkişafın 3 müxtəlif aspektini əhatə edir: iqtisadi, sosial və ətraf mühit məsələləri. Hər bir sahə üzrə bütün dünyada qlobal səviyyədə qəbul olunmuş hədəf və göstəricilər müəyyənləşdirilib. Dayanıqlı İnkişaf Məqsədləri Minilliyin İnkişaf Məqsədləri ilə müqayisədə daha geniş və qlobal sənəddir. 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik 3 əsas prinsip üzərində qurulub. Bunlardan birincisi universallıq prinsipi adlanır. Bu prinsipin təkcə inkişaf etməkdə olan ölkələr üçün deyil, bütün dünya ölkələrinə tətbiq edilməsi nəzərdə tutulur. Bu çərçivədə bütün inkişaf kateqoriyasına aid olan ölkələr - istər inkişaf etmiş, istər inkişaf etməkdə olan, istərsə də aşağı inkişaf kateqoriyasına aid olan ölkələr üçün spesifik hədəflər müəyyənləşdirilib. Digər prinsip inteqrasiyalı yanaşma prinsipidir. Bu, bəhs olunan və digər strateji sənədlər çərçivəsində qəbul edilmiş məqsəd və hədəflərin bir-biri ilə uzlaşması məsələsini əks etdirir. BMT tərəfindən qəbul olunmuş bir sıra sənədlər dayanıqlı inkişaf məqsədlərinin hədəfləri ilə uyğunluq təşkil edir. Bu sənədlərin icrası, eyni zamanda, BMT tərəfindən qəbul edilmiş “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də öz əksini tapmış hədəf və məqsədlərə nail olunması ilə nəticələnəcəkdir. Digər bir yanaşma isə - “heç kimin geridə qalmaması” prinsipi ilə ifadə olunur”.

H.Hüseynov bildirib ki, konfrans dayanıqlı inkişafın 4-cü və 8-ci məqsədlərinə həsr olunub.  Bekə ki, 4-cü məqsəd “İnklüziv və keyfiyyətli təhsili təmin etmək və hər kəs üçün davamlı tədris imkanlarını təbliğ etmək”, 8-ci məqsəd isə “İnklüziv və dayanıqlı iqtisadi inkişafı, eləcə də hər kəs üçün tam və məhsuldar

məşğulluğu təbliğ etmək” məsələləridir. “Bütün bu tədbirlər, əlbəttə ki, Azərbaycan cəmiyyətinin hər bir üzvünün Dayanıqlı İnkişaf Gündəliyinin tələblərindən irəli gələn inkişafdan bəhrələnməsi və onların dayanıqlı inkişafına nail olunması üçün səylərinin artırılmasına geniş imkanlar yaradacaqdır. Eyni zamanda, istər elmi ictimaiyyətin, istər vətəndaş cəmiyyətinin, istərsə də ayrı-ayrı sosial qrupların nümayəndələrinin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində iştirakı 2030 Gündəliyinin icrasına öz töhfəsini verəcək”-də şuranın katibi vurğulayıb.

Konfransda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyətindən danışıb. O bildirib ki, təhsil Dayanıqlı İnkişaf Məqsədləri arasında xüsusi yer tutur: Cəmiyyətin inkişafında təhsil böyük əhəmiyyətə malikdir. Lakin heç də bütün ölkələrdə təhsil üçün əlverişli şərait yoxdur. Azərbaycan dövləti təhsilə xüsusi əhəmiyyət verir. Ölkəmizdə təhsilin inkişaf etdirilməsi üçün ardıcıl işlər görülür”.

Nazir müavini qeyd edib ki, müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür: “Təhsildəki nailiyyətlər hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycanda son illər təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər bu sahəyə dövlətin böyük önəm verdiyini göstərir. Azərbaycanın təhsil sahəsindəki göstəriciləri dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən də yüksək olub. Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Çünki dövlətin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar mühüm əhəmiyyət kəsb edir”.

F.Qurbanov “Hamı üçün inklüziv və keyfiyyətli təhsilin təminatı və ömrü boyu təhsilin təşviq edilməsi”nin Azərbaycan Prezidentinin 2013-cü ilin 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ilə bir çox sahələrdə uyğunluq təşkil etdiyini diqqətə çatdırıb və strategiyada göstərilən islahatların aparılması sayəsində bir sıra sahələrdə yüksək nəticələr əldə olunduğuna dair ətraflı məlumat verib. O, həmçinin ümumi təhsilin yeni standartlarının hazırlanması, təhsildə gender bərabərliyinin təmin edilməsi və inklüziv təhsil sahəsində görülən işlər barədə danışıb və “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edildiyini vurğulayıb.

Nazir müavini Azərbaycan hökumətinin təhsil sektoruna geniş sərmayə yatırmasını, son dövrlərdə məcburi köçkün uşaqların təhsil hüquqlarını təmin etmək məqsədilə onlar üçün yüzlərlə məktəb tikildiyini bildirib. O, ölkədə məktəblərin 70 faizdən çoxunun yenidən tikildiyini və ya əsaslı təmir olunduğunu da diqqətə çatdırıb.

Çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ölkəmizdə aparılan iqtisadi islahatların əsasında rifah amilinin, insan kapitalının yüksək inkişaf səviyyəsinə nail olunmasının dayandığını bildirib. Nazir müavini layiqli əməyin təmin edilməsi, qeyri-formal məşğulluğun aradan qaldırılması və s. yönündə sistemli tədbirlərin reallaşdırıldığını qeyd edib. O, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin icrası sahəsində aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirildiyini bildirib.

M.Kərimli qeyd edib ki, DİM-in zəruriliyi hamı tərəfindən qəbul olunur. DİM-in üç əsas prinsipinin - inklüzivliyin təmin edilməsi, ətraf mühitin qorunması və iqtisadi artımın gücləndirilməsi olduğunu vurğulayan nazir müavini  ölkəmizdə DİM-ə nail olunması istiqamətində görülən işlərdən danışıb. M. Kərimli dünyada Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı vəziyyətin heç də ürəkaçan olmadığını bildirib. O deyib ki, Azərbaycanda bu sahədə davamlı tədbirlər həyata keçirilir: “Ölkəmizdə yoxsulluğun səviyyəsi 5 faizə düşüb. Bu isə Azərbaycan dövlətinin Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində apardığı davamlı işlərin nəticəsidir”.

Azərbaycan hökuməti tərəfindən əhalinin məşğulluğu istiqamətində silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran natiq qanunvericiliyin təkmilləşdirildiyini, məşğulluqla bağlı yeni qanunun, əlilliklə bağlı bir sıra hüquqi aktların qəbul edildiyini bildirib. M.Kərimli  ölkəmizdə əmək bazarının ehtiyacları ilə insan resursları arasında təhlillər aparıldığını, əməyin mühafizəsi fondunun, ixtisaslı işçi qüvvəsinin yaradılması, peşə tədrisi və təhsili istiqamətində silsilə işlərin görüldüyünü, institusional potensialın genişləndirildiyini diqqətə çatdırıb. O vurğulayib ki, təkcə bu ilin doqquz ayında 100 mindən çox vətəndaşa peşəyönümlü dəstək, məsləhət, tədris və s. yardımı göstərilib. Özünüməşğulluq proqramının icrası məşğulluq imkanları məhdud olan şəxslərin əmək bazarında tam şəkildə iştirak etməsinə imkan yaradacaq.
Nazir müavini bildirib ki, son 15 ildə Azərbaycanın əldə etdiyi uğurlar ölkəmizdəki əmək qüvvəsi olmadan həyata keçirilə bilməzdi. Bütün bu uğurlar Azərbaycanın əmək resurslarının peşəkarlığının göstəricisidir. Azərbaycan gənc bir ölkə kimi qarşıda duran çağırışlara hər zaman adekvat cavab verir. Onun sözlərinə görə, gənclərin məşğulluğunun təmin edolməsi də daim diqqət mərkəzindədir. M.Kərimli söyləyib ki, Azərbaycan Prezidentinin 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” ilə bağlı Tədbirlər Planı hazırlanır: “Dövlət başçısının qeyd olunan Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanları və qurumları ilə birlikdə hazırlanan Tədbirlər Planı layihəsində Strategiyada nəzərdə tutulan əsas istiqamətlərə uyğun tədbirlər əksini tapacaq. Həmin istiqamətlər sırasına məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi kimi istiqamətlər daxildir. Eyni zamanda, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi, sosial dialoqun inkişaf etdirilməsi, qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi də Strategiyada əsas istiqamətlər kimi müəyyən olunub”. Nazir müavini bu proseslərdə gənclərin fəallığının zəruri olduğunu deyib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Məlahət İbrahimqızı çıxışında bildirib ki, dayaniqli inkişaf məqsədləri Azərbaycanın inkişaf gündəliyində yeni məsələ deyil. Onun sözlərinə görə, Azərbaycan inkişafın dayanıqlılığının təmin olunması istiqamətində işlərə 2000-ci ildə Minilliyin İnkişaf Məqsədlərinə qoşulmaqla başlayıb: “Ölkəmizdə ötən müddət ərzində Minilliyin İnkişaf Məqsədlərinə nail olunması üçün kompleks tədbirlər həyata keçirilib. Belə ki, “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın uğurlu icrasının nəticəsi kimi, yoxsulluğun və işsizliyin azaldılması istiqamətində mühüm nailiyyətlər əldə edilib. Bundan başqa, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkə həyatının bütün sahələrində inkişafın əsas strateji hədəflərini özündə ehtiva edir. Eyni zamanda, qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə iqtisadiyyatın müxtəlif sektorları üzrə 12 Strateji Yol Xəritəsi qəbul olunub və bu sənədlərdə müəyyənləşdirilmiş hədəflər də dayanıqlı inkişafa nail olunması baxımından mühüm əhəmiyyət kəsb edir”.

M.İbrahimqızı dayanıqlı inkişaf məqsədləri ilə bağlı qəbul edilən qərarların 30 faizdən çoxunun gənclərlə bağlı olduğunu bildirib: “Buna görə də bu qərarların yerinə yetirilməsində gənclər fəal olmalıdırlar. Bütövlükdə, Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Gənclərimiz müxtəlif dövlət qurumlarında , həyatın bütün sferalarında geniştəmsil olunurlar”.

Çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu gün dünyada ibtidai təhsil ala bilməyənlərin 50 faizinin münaqişə zonalarının vətəndaşları olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanın ərazisinin 20 faizi işğal altındadır, faktiki olaraq müharibə şəraitində yaşayırıq. Buna baxmayaq, ölkəmizdə ibtidai təhsil yaşına çatan bütün uşaqlar ibtidai təhsil alırlar. Bu, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin nəticəsidir.

S.Orucov qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin mahiyyətinə gənclərin prizmasından baxsaq, aydın görə bilərik ki, hamı üçün inklüziv və bərabər keyfiyyətli təhsili təmin etmək, layiqli işlə təmin olunmasına dəstək vermək ümumbəşəri məqsədlərin bir istiqamətidir. Onun sözlərinə görə, keyfiyyətli təhsil dayanıqlı inkişafın fundamentidir. Belə ki, inklüziv təhsilə çıxış həyat keyfiyyətinin yaxşılaşdırılması ilə yanaşı, ən mühüm problemlərin həlli üçün innovasiyaların geniş tətbiqinə əsas dəstək ola bilər. “Hazırda dünyada bütün səviyyələrdə təhsilə çıxış imkanının artırılması və xüsusilə qadın və qızların təhsildə iştirak səviyyəsinin artırılması istiqamətində böyük irəliləyişlərə baxmayaraq, hələ də 617 milyon gənc savadlılıq və riyazi savadlılığın ən az müəyyən edilmiş funksional səviyyəsinə çatmaqda çətinlik çəkir. Bu baxımdan universal təhsil məqsədlərinə nailolma istiqamətində uğurlu addımlar atmaq üçün daha çox səy göstərmək lazımdır. Bu xüsusda keyfiyyətli təhsil dayanıqlı inkişafın fundamentidir. Belə ki, inklüziv təhsilə çıxış həyat keyfiyyətinin yaxşılaşdırılması ilə yanaşı, ən mühüm problemlərin həlli üçün innovasiyaların geniş tətbiqinə əsas dəstək ola bilər. Bütün gənclərin keyfiyyətli şəkildə təhsilə azad, bərabər çıxış imkanının, savadlanmasının təmin edilməsi, məşğulluq, layiqli əmək və sahibkarlıq fəaliyyəti üçün məqbul texniki və peşə vərdişlərinə malik olan gənclərin sayının əhəmiyyətli dərəcədə artırılması Dayanıqlı İnkişaf Məqsədlərində gənclərlə bağlı əsas hədəflər kimi müəyyən edilib”-deyən, YAP Gənclər Birliyinin sədri əlavə edib ki, bu nöqteyi-nəzərdən ölkəmizdə əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, layiqli əməyin dəstəklənməsi, işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin artırılması və əmək məhsuldarlığının yüksəldilməsi hesabına iqtisadi inkişafın təmin edilməsi Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində başlıca məqsədlər olaraq müəyyən edilib.

BMT-nin Azərbaycandakı nümayəndəliyinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə eksperti Delavar Barekzai deyib ki, gənclər Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi prosesinə fəal şəkildə qoşulmalıdırlar. Onun sözlərinə görə, hazırda cəmiyyətlərin qarşısında duran bütün problemlərin həllində Dayanıqlı İnkişaf Məqsədləri mühüm rol oynayır: “Lakin bu məqsədlərə necə nail olunması ilə bağlı müzakirələr daha geniş aparılmalı, bu yollar aydınlaşdırılmalıdır. Dayanıqlı inkişafda əsas məqam bugünkü nəslin ehtiyaclarını təmin edərkən gələcək nəsil üçün problem yaratmamaqdır. Bu baxımdan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması yolları ətraflı müzakirə edilməli, əməkdaşlıq gücləndirilməlidir”.
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında gənclərin imkanlarından istifadə edilməsinin önəmini vurğulayan ekspert deyib ki, bu prosesdə gənclərin potensialı yüksəkdir.

Daha sonra konfransda gənclərin sualları cavablandırılıb.