YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə naziri ön xətt bölmələrinin döyüş hazırlığını yoxlayıb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətt bölmələrinin döyüş hazırlığı ilə maraqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, general-polkovnik Z.Həsənova ərazinin maketi üzərində əməliyyat şəraiti barədə məruzə edildikdən sonra bölmələrin döyüşə hazırlıq vəziyyəti yoxlanılıb.

Gecə və gündüz şəraitində döyüş mühafizəsinin daha keyfiyyətli təşkili və müdafiənin dayanıqlılığın artırılması məqsədilə yaradılan müşahidə məntəqəsindən düşmən mövqelərini izləyən general-polkovnik Z.Həsənov müasir texniki vasitələrdən istifadə edilməklə xidmətin daha səmərəli təşkili ilə bağlı tapşırıqlar verib.

Ön xətdə yaradılmış təlim-tədris sahələrindən birində döyüş tapşırıqları üzrə məşq edən şəxsi heyətlə görüşən müdafiə naziri, xidmətdə fərqlənən və döyüş hazırlığında yüksək nəticələr göstərən hərbi qulluqçuları mükafatlandırıb. Nazir bölmələrin maddi-texniki təminatı, silah-sursat və hərbi texnika ilə təchizatı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, həmçinin sosial məişət şəraiti ilə tanış olub.

Sonra Ağdam rayonu ərazisindəki kəndlərdən birində yerli sakinlərlə görüşən general-polkovnik Z.Həsənov yaşayış məntəqələrimizin müdafiəsinin təşkili və əhalinin təhlükəsizliyinin təmin edilməsi barədə söhbətlər aparıb.

Müdafiə Nazirliyinin rəhbərliyi ilə söhbət zamanı burada yerli əhali və hərbçilər üçün yaradılan şəraitdən məmnunluqlarını bildirən kənd sakinləri müdafiə nazirindən onların minnətdarlığını ölkə rəhbərliyinə, xüsusilə Ali Baş Komandana çatdırmağı xahiş ediblər.

Sakinlər hərbçilərə etimadın yüksək olduğunu və Ordumuzun bölmələri tərəfindən bu istiqamətdə yaşayış məntəqələrinin təhlükəsizliyinin etibarlı təmin edildiyini də bildiriblər.