YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 73-cü kitabı çapdan çıxıb

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 73-cü kitabı çapdan çıxıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 73-cü kitabındakı materiallar 2016-cı ilin fevralından aprel ayınadək olan dövrü əhatə edir.

Həmin dövrdə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdən biri BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu olub. Prezident İlham Əliyev Forumda söylədiyi nitqində deyib: "Bu gün biz bəzi ölkələrin qaçqınlarla bağlı üzləşdiyi vəziyyəti aydın şəkildə anlayırıq. Bu, həqiqətən də humanitar fəlakətdir və bütün beynəlxalq ictimaiyyət bu məsələlərin həllində iştirak etməlidir. Ən çox qaçqın qəbul etmiş ölkələr hazırda dəstəklənməlidir – yalnız sözlə deyil, ciddi maliyyə yardımları ilə. Bir daha qeyd etmək istəyirəm ki, işğaldan əziyyət çəkməkdə davam edən ölkə kimi, bunların nə dərəcədə çətin olduğu bizə yaxşı məlumdur. Hər bir nöqteyi-nəzərdən – siyasi, mənəvi, iqtisadi və sosial baxımdan".

Kitaba Prezident İlham Əliyevin Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında, "Çoxqütblü dünyaya doğru" mövzusunda IV Qlobal Bakı Forumunda, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda söylədiyi nitqlərin, həmçinin "Euronews" telekanalına müsahibəsinin mətnləri daxil edilib.

Nəşrdə dövlətimizin başçısının Ankarada keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında iştirakı, mətbuata bəyanatla çıxışına, sənədlərin imzalanma mərasimi, İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində çıxışı, Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a səfəri çərçivəsində keçirdiyi görüşlər barədə informasiyalar toplanıb.

Çoxcildliyin 73-cü kitabında Prezident İlham Əliyevin Azərbaycana rəsmi səfərə gəlmiş Macarıstanın Baş naziri ilə görüşünə, dövlətimizin başçısının Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Macarıstanın ali ordeni ilə təltif olunması mərasimində iştirakına, Qətər Dövləti Əmirinin, Rusiya Federasiyası Hökuməti sədrinin Azərbaycana rəsmi səfərləri zamanı keçirdiyi görüşlərə, imzalanan sənədlərə, mətbuata bəyanatlarla çıxışlarına, Türkiyə Prezidentinin işgüzar səfəri zamanı keçirdiyi görüşlərə dair materiallar yer alıb.

Kitaba, həmçinin Azərbaycan Prezidentinin Bakıda keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər etmiş nüfuzlu nümayəndə heyətləri ilə görüşləri, ABŞ, Türkiyə, Qazaxıstan, Belarus və digər dövlətlərin, Dünya Turizm Təşkilatının, Avropa İttifaqının yüksək vəzifəli şəxslərini qəbul etməsi barədə materiallar daxil olunub.

Bu nəşrdə Prezident İlham Əliyevin "Azərbaycan və Şərqi Anadolunun türk-müsəlman əhalisinin soyqırımı" mövzusunda Şamaxıda keçirilən III beynəlxalq konfransının iştirakçılarına müraciətinin, Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiyi nitqlərinin mətnləri, dövlətimizin başçısının Ağsu rayonuna səfəri zamanı Mərkəzi Xəstəxananın yeni binasının açılışı mərasimində iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşü, Bakıda yenidənqurma və abadlıq işləri ilə tanışlığına dair materiallar da toplanıb.

Kitabda "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri verilib.

"Azərnəşr" tərəfindən buraxılan 73-cü kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.