YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın gələn il Bakıda keçirilməsi ilə bağlı ilk hazırlıq iclası olub

Noyabrın 23-də Nazirlər Kabinetində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar ilk hazırlıq iclası keçirilib.

Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Təşkilat Komitəsinin sədri Əli Həsənovun yanında keçirilən iclasda Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlər müzakirə edilib.

Təşkilat Komitəsinin sədri Əli Həsənov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən Azərbaycan Respublikasının beynəlxalq birliyin bütün səylərini dəstəklədiyini, Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulduğunu, ölkəmizdə bu sahədə milli hüquqi bazanın yaradıldığını vurğulayıb. Bu bəladan bütün dünyanın əziyyət çəkdiyini qeyd edən Baş nazirin müavini deyib ki, ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının dəstəyi ilə keçiriləcək konfrans ölkəmizin beynəlxalq təşkilatlarla tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunun göstəricisidir.

ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının Ankara ofisinin direktoru Klement Sze iclasda çıxış edərək bu beynəlxalq konfransın əhəmiyyətindən danışıb, təşkilati məsələlərlə bağlı fikirlərini bölüşüb.

İclasda Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın keçirilməsi ilə bağlı öhdəliklərin, eyni zamanda, tədbirə ev sahibliyi edən Azərbaycan Hökumətinin üzərinə düşən vəzifələrin, lazımi və zəruri təşkilati məsələlərlə əlaqədar hazırlıq işlərinin qarşılıqlı əməkdaşlıq çərçivəsində yerinə yetirilməsi məqsədilə təklif və suallarla bağlı fikir mübadiləsi aparılıb.