YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı keçiriləcək

"Yüksək Texnologiyalar Həftəsi"nə start verilərək dekabrın 4-7-də Bakıda "Bakutel 2018" XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransı keçiriləcək.

"Caspian Event Organisers" (CEO) şirkətindən bildiriblər ki, bu gün "Bakutel" sərgisi sürətlə inkişaf edən texniki nailiyyətlərə həsr olunmuş yalnız bir sərgi deyil, burada İKT müxtəlif sahələrini təmsil edən mütəxəssis və peşəkarlar toplanaraq, iqtisadi və sosial rifahı təmin etməkdə mühüm rol oynayan bütün fəaliyyət istiqamətləri üçün geniş imkanlar və son inkişafları təklif edən və əhalinin həyat səviyyəsinin artırılması üçün unikal bir platformadır.

"Bakutel 2018" sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Regional Rabitə Birliyi (RRB), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçiriləcək. Sərginin təşkilatçısı qismində "Caspian Event Organisers" şirkəti, baş sponsoru qismində müntəzəm iştirakçısı olan "Azercell Telecom" çıxış edir.

Bu il sərgidə dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçıların arasında İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distribüterləri və gənc ixtiraçılar var.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəal dəstəyi ilə reallaşdırılan "Bakutel 2018" sərgisində ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, Fransa, Türkiyə, Sloveniya, Xorvatiya kimi ölkələrin milli stendləri nümayiş olunacaq.

Builki sərgi bir real innovasiya festivalı da təqdim edəcək. Sərgidə banklar üçün yeni nəsil IT həlləri, şəhər nəqliyyatı, pərakəndə satış, "Ağıllı Şəhər" (Smart City) sistemləri, 4G-5G mobil texnologiyalar, optik lifli texnologiya və "bulud" texnologiyaları üzrə xidmətlər təklif olunacaq. Hər il iştirakçıların siyahısına yeni şirkətlər əlavə olunur, sərginin ekspozisiyası genişlənir. Bu il debütantlar arasında “Silk Way Biznes Aviasiya”, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA), "Sistematiks" (Rusiya), "Suntech" (Polşa) və digərləri yer alır.