YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın yaradılmasının 26 illiyi münasibətilə gənclərin birinci elmi-praktik konfransı keçirilib

Noyabrın 7-də Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 26 illiyi münasibətilə gənclərin birinci elmi-praktik konfransı keçirilib.

Konfransda iştirak etmək üçün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Gənclər Birliyinin üzvləri olan 200-dən çox gənc tədqiqatçı və gənc alim tezislərlə müraciət edib.

Konfransda çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qətiyyəti və iradəsi ilə yaradılmış Yeni Azərbaycan Partiyasının artıq bu gün həm ölkə daxilində, həm də regionda lider partiyaya çevrildiyini deyib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının 26 illiyi ilə bağlı YAP Nəsimi rayon təşkilatı tərəfindən silsilə tədbirlər keçirilir.

O qeyd edib ki, ulu öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin sədrliyi ilə böyük inkişaf yolunu keçib. Bu gün YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib. Bu gün Ümummilli Liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inkişaf edir. Bu xətti əzmlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, praqmatik dövlət xadimi, dünya miqyasında böyük hörmət və nüfuza malik Prezident İlham Əliyevdir.

M.İbrahimqızı konfrans haqda ətraflı məlumat verərək qeyd edib ki, konfrans plenar iclasla başlayacaq və öz işini üç sessiyada davam etdirəcək. Sessiyalar humanitar elmlər, texniki elmlər, təbiət və tibb elmlərinə həsr olunub. Konfransda Nəsimi rayonu ərazisində yerləşən ali məktəblərdə təhsil alan, YAP üzvü olan istedadlı gənclər üstünlük təşkil etsə də, bitərəf gənclər də elmi fəaliyyətlərini inkişaf etdirmək üçün öz tezisləri və araşdırmalarını bölüşərək konfransdan yararlanacaqlar.

Sonra Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov partiyanın 26 ildə böyük siyasi qüvvəyə çevrildiyini, partiyanın gənc üzvlərinin ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrində fəal iştirak etdiyini deyib. YAP Gənclər Birliyinin gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında geniş məlumat verən Seymur Orucov gənclərin partiya üzvlərinin 40 faizini təşkil etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir və Azərbaycan gəncliyinin sabahına daha böyük nikbinliklə və inamla baxmağa əsas verir.

Konfransda digər çıxış edənlər ölkəmizin ən aparıcı siyasi qüvvəsi olan YAP-ın tarixindən, partiyanın müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsində, ölkəmizin inkişafındakı mühüm rolu barədə danışıblar. Vurğulanıb ki, gənc nəslin intellektual səviyyəsinin artırılması və yeni texnologiyalara yiyələnməsi üçün xüsusi dövlət proqramları çərçivəsində tələbələrimiz dünyanın aparıcı universitetlərində təhsil alırlar.

Konfrans müzakirələrlə davam etdirilib.