YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb

İsveçdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının yaradılması ilə əlaqədar keçirilən konfransda iştirak edib.

Stokholmda yerləşən Şeraton otelində baş tutan konfransda Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov, habelə İsveç, Norveç, Finlandiya və Danimarkada fəaliyyət göstərən müxtəlif diaspor təşkilatlarının rəhbərləri və fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir Adış Məmmədov Azərbaycan dövlətinin diasporamıza olan diqqətini qeyd edərək bu sahədə aparılan siyasətin verdiyi müsbət nəticələrdən söz açıb. Səfir, Skandinaviya regionundakı diaspor təşkilatlarının həyata keçirdiyi işlərə nəzər salaraq, cari durumu qiymətləndirib və qarşıda duran vəzifələrdən danışıb.

Diplomat deyib: “Hesab edirəm ki, hansı ölkədə yaşayıb işləməsindən asılı olmayaraq hər bir azərbaycanlı ölkəmizin milli maraqlarına, dövlət məsələlərinə diqqətlə yanaşmalı və vətənimizin ümumi reallıqlarının təşviq olunmasında, tanıdılmasında əlindən gələni etməlidir”. Azərbaycana qarşı məkrli siyasət yürüdən qüvvələrin olduğunu və onların milli maraqlarımıza zidd mövqe formalaşdırmağa çalışdığını təəssüf hissi ilə bildirən Adış Məmmədov baş verən təxribatların qarşısının alınmasında diasporanın fəaliyyətinin vacib olduğunu vurğulayıb. Bunun hər şeydən öncə hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, diasporumuzun inkişaf istiqamətləri, diaspor ilə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması yolunda atılan addımlar barədə ətraflı məlumat verib.

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan diasporunun mövcud vəziyyəti barədə geniş söhbət açan Fuad Muradov, diaspor fəaliyyətinin daim ölkə rəhbərliyinin diqqətində olduğunu bildirib. Komitə sədri xarici ölkələrdə, diaspor işini sürətləndirməyin vacibliyindən, qarşısında duran vəzifələrdən və Prezident İlham Əliyevin tapşırıqlarından da danışıb. Skandinaviya regionunda fəaliyyət göstərən diaspor üzvlərini həmrəy olmağa çağıran Fuad Muradov deyib: “Bizim məqsədimiz hər bir ölkədə, ümumi diaspor məsələləri ilə bağlı strateji istiqamətlərin müəyyənləşdirilməsi və yerlərdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının daha da güclənməsindən ibarətdir. Bunun üçün isə dünyadakı bütün azərbaycanlıların azərbaycançılıq ideyasnı rəhbər tutaraq birləşdirilməsi vacibdir”.

Keçirilən konfransın mahiyyətindən danışan Fuad Muradov Skandinaviya regionunda fəaliyyət göstərən təşkilatların rəhbərlərindən yeni təşəbbüslərlə çıxış etməyi, sosial və mədəni layihələrin reallaşmasına maraq göstərməyi tövsiyə edib. Görüş iştirakçılarını əmin edib ki, onların təşəbbüsləri, təklifləri qiymətləndiriləcək, heç bir diaspor təşkilatı və heç bir insan diqqətdən kənarda qalmayacaq.

Səmimi şəraitdə davam edən tədbirdə diaspor nümayəndələrinin sualları cavablandırılıb, onların təklif və ideyalar ətrafında maraqlı müzakirələr aparılıb. Diaspor fəaliyyətinin daha da səmərəli olması məqsədilə müxtəlif təkliflər səsləndirilib.

Konfransda komitənin yeni yazılmış himni və Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən filmlər nümayiş olunub, habelə qurumun yenilənmiş saytı və sosial şəbəkələrdəki hesabları barədə məlumat verilib.

Sonda İsveç, Norveç, Finlandiya və Danimarkada yaşayan diasporamızın daha konstruktiv və məqsədyönlü şəkildə fəaliyyəti üçün diaspor təşkilatlarımızın fəaliyyətinin əlaqələndirilməsi və daha aktiv fəaliyyət göstərməsi üçün İsveçdə Azərbaycanlılarının Koordinasiya Şurasının yaradılması haqda qərar qəbul olunub. Koordinasiya şurasına “Finlandiya Azərbaycan-Türk Gənclər Təşkilatının” sədri Ülviyyə Cabbarova, İsveçdə fəaliyyət göstərən yazıçı Eluca Atalı və diaspor fəalı Sara Eveberger, habelə Norveçdə fəaliyyət göstərən “Can Azərbaycan” təşkilatının rəhbəri Şervin Nəcəfpur əlaqələndirici qismində seçiliblər.