Xəbərlər
Prezident İlham Əliyev Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş
Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalamışdır.
Sərəncama əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 700, həmin müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqradın mühasirəsinin iştirakçılarına 300 manat məbləğində birdəfəlik maddi yardım veriləcəkdir.
Bununla əlaqədar, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 7,6 milyon manat vəsait ayrılmışdır.
Sərəncamda Maliyyə Nazirliyinə həmin vəsaitin Dövlət Sosial Müdafiə Fondunun xüsusi hesabına köçürülməsi, Fonda birdəfəlik maddi yardımın nəzərdə tutulmuş şəxslərə çatdırılması tapşırılmışdır.