YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Müstəqillik illərində ölkəmiz böyük inkişaf yolu keçib

“Bu gün Azərbaycan müstəqilliyinin bərpasının 27-ci ildönümünü qeyd edir. Ötən illərdə ölkəmiz böyük inkişaf yolu keçib”. Bu fikirləri  Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, müstəqilliyimizin elan olunduğu 1991-ci il çox gərgin il idi, torpaqlarımız işğal edilirdi, itkilər verirdik. Bir yandan da hakimiyyət uğrunda mübarizə baş qaldırmışdı, ölkə parçalanma ərəfəsində idi, hakimiyyətsizlik, özbaşınalıq hökm sürürdü. Belə bir vəziyyətdə Azərbaycanın müstəqilliyi məsələsi təhlükə altında idi. O zamankı hakimiyyət Azərbaycanın müstəqilliyinin elan olunmasını ləngidirdi, başqa sovet ölkələri müstəqilliklərini elan etsə də, Azərbaycanın müstəqilliyinin elan edilməsi ləngiyirdi. Nəhayət uzun prosesdən sonra müstəqillik elan edildi.
“Ümummilli lider Heydər Əliyevin atdığı addımlar müstəqilliyimizi şərtləndirdi. Ulu öndər Heydər Əliyev ilk dəfə Azərbaycanın üçrəngli bayrağını Naxçıvan Muxtar Respublikasının Ali Sovetinə gətirdi, Naxçıvanın adından “Sovet Sosialist Respublikası” sözlərini götürdü və məsələ qaldırdı ki, rəsmi Bakı da bu addımı atsın. Azərbaycanın həqiqi müstəqilliyi Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başladı, bununla da Azərbaycan sabitlik və inkişaf yoluna qədəm qoydu. Artıq 1996-cı ildə Azərbaycanın iqtisadiyyatı tam bərpa olunmuşdu və inkişaf edirdi. Bu gün Prezident İlham Əliyev həmin siyasəti çox uğurla davam etdirir, Azərbaycan dünyada böyük nüfuza malik bir ölkəyə çevrilib. Hazırda Azərbaycanın valyuta ehtiyatları 45 milyard dollardır, bütün parametrlər üzrə ölkəmiz çox güclənib, böyük nailiyyətlər əldə olunub və bütün bunlar dövlətimizin başçısı tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsidir”-deyə, deputat qeyd edib.