YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Mərkəzində tanınmış fransız rəssamı və heykəltəraşı Lorens Cenkellin fərdi sərgisi açılacaqdır

Mayın 6-da Heydər Əliyev Mərkəzində tanınmış fransız rəssamı və heykəltəraşı Lorens Cenkellin fərdi sərgisinin açılış mərasimi keçiriləcəkdir. Sərgidə müxtəlif ölkələrin bayraqlarının qeyri-adi formada - konfet şəklində heykəlləri nümayiş olunacaqdır.

Müəllifin Bakıda açılacaq ilk fərdi sərgisində ümumilikdə 26 əsər təqdim ediləcəkdir. Ziyarətçilər Almaniya, ABŞ, Argentina, Böyük Britaniya, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Türkiyə, İsveçrə, Fransa, Macarıstan, Kanada, Səudiyyə Ərəbistanı, Koreya Respublikası, Hindistan, İtaliya, Yaponiya, Ukrayna, Polşa, Niderland, Estoniya, Latviya, Cənubi Afrika Respublikası, Çin və Avropa İttifaqının bayraqlarını fərqli formada görə biləcəklər. Sərgidə Azərbaycan bayrağının da heykəli nümayiş olunacaqdır.

Qeyd edək ki, müxtəlif ölkələrin bayraqlarının heykəllərinin sərgisi ilk dəfə 2011-ci ildə Kannda “Böyük iyirmilik” ölkələrinin (G20) sammitində təşkil olunmuşdur. Həmin tarixdə Lorens Cenkell zirvə toplantısı üçün “Böyük iyirmiliyə” üzv və 5 qonaq ölkənin bayrağının heykəllərini hazırlamışdı.

Lorens Cenkell 1965-ci ildə anadan olub. Hazırda Fransanın Alp-Maritim bölgəsindəki Valloris şəhərciyində yaşayır və fəaliyyət göstərir. Sənətin sirlərinə müstəqil şəkildə yiyələnən müəllifin müxtəlif vasitələrlə eksperimentləri, yaradıcılıq axtarışları uğurla nəticələnmişdir. Pleksiqlasdan istifadə etməklə “bükmə” texnikasına yiyələnmə Lorens Cenkellə hazırda dünyada məşhur olan konfet formasında heykəlləri yaratmağa imkan vermişdir. Əsasən, pleksiqlasla işləyən heykəltəraşın alüminium, bürünc, mərmər və digər materiallardan da əsərləri vardır.

Rəssam-heykəltəraşın dünyanın 25-dən çox ölkəsində nümayiş olunan əsərləri, bir sıra qalereya və şəxsi kolleksiyalarda saxlanılır.
Lorens Cenkellin əsərləri Paris, Monako, Nyu-York, Honq-Konq, London, Seul, Dubay, Bratislava və digər şəhərlərdə sərgilənmişdir.
Heydər Əliyev Mərkəzində təşkil olunacaq sərgi oktyabrın 31-dək davam edəcəkdir.