YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Quba rayonunun İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun istifadəyə verilmə mərasimində iştirak edib

Oktyabrın 11-də Quba rayonunun İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolu istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 33 kilometr olan yolun açılışını edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verdi ki, dördüncü texniki dərəcəyə uyğun tikilən iki hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. Bütün texniki standartlara uyğun salınan yol üzərində zəruri yerlərdə siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb. Ümumi uzunluğu 528 metr olan su ötürücü borular tikilib, yol cizgi xətləri çəkilib. Avtomobil yolunun tikintisi 11 yaşayış məntəqəsini birləşdirərək sərnişin və yük daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək. Beləliklə, yeni yol mənzil başına rahat və təhlükəsiz çatmağa hərtərəfli şərait yaradacaq. Bu layihənin icrası, ümumilikdə, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini də təmin edəcək. Bir sözlə, yeni yolun inşası yolboyu yaşayan vətəndaşların sosial rifahına birbaşa təsir göstərəcək, kənd təsərrüfatı məhsullarının rahat və tez daşınmasına münbit şərait yaradacaq.

Bundan başqa, bu layihə digər mühüm bir məqamı da özündə birləşdirir. Belə ki, yerli və xarici turistlərin ərazidə yerləşən istirahət mərkəzləri və tarixi mədəniyyət abidələri ilə tanış olmasına da hərtərəfli şərait yaranacaq.

İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolu Prezident İlham Əliyevin bu ilin sentyabrında imzaladığı sərəncama əsasən tikilib.

Dövlətimizin başçısına Quba-Xaçmaz avtomobil yolunun yenidən qurulması barədə də məlumat verildi. Bildirildi ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun yenidən qurulan yol 78,4 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. 3-cü texniki dərəcəyə aid 2 zolaqlı yolun uzunluğu 22 kilometr, eni isə 7 metrdir.

Bundan əlavə, Prezident İlham Əliyevə Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin layihəsi barədə məlumat verildi. Uzunluğu 46 kilometr olan yol üzərində tikiləcək 9 körpünün layihəsi hazırlanıb. Bununla yanaşı, Quba-Susay-Xınalıq avtomobil yolu da yenidən qurulacaq.

Layihə ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, dördüncü texniki dərəcəyə uyğun inşa olunacaq yolun uzunluğu 55,7 kilometr, hərəkət hissəsinin eni 6 metrdir. İki hərəkət zolağından ibarət olan yolun tikilməsi bu bölgədə təxminən 5 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini, həmçinin Quba şəhərini Xınalıq kəndi ilə birləşdirərək sərnişin və yük daşınmasını xeyli yaxşılaşdıracaq.

Sonra dövlətimizin başçısı Quba rayonunun İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.