YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin təşkilatçılığı ilə “Azərbaycan-Rusiya əlaqələrinin möhkəmləndirilməsində gənclərin rolu” mövzusunda konfrans keçirilib

Sentyabrın 29-da Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında partiyanın  Gənclər Birliyinin təşkilatçılığı ilə “Azərbaycan-Rusiya əlaqələrinin möhkəmləndirilməsində gənclərin rolu” mövzusunda konfrans keçirilib. Konfransda ölkəmizdə səfərdə olan Rusiyanın “Vahid Rusiya” Partiyasının gənclər qolu olan “Gənclər Qvardiyası” (MGER) Ümumrusiya İctimai Təşkilatının nümayəndə heyətinin üzvləri də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov Azərbaycanla Rusiya arasında yüksək əlaqələrin mövcud olduğunu bildirib. Onun sözlərinə görə, hər iki ölkənin gəncləri bu əlaqalərin inkişafına töhfə verirlər.

Konfransda çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov MGER Ümumrusiya İctimai Təşkilatının nümayəndələrinin ölkəmizə səfərinin iki ölkə arasında yüksək münasibətlərin göstəricisi kimi dəyərləndirib. YAP Gənclər Birliyinin beynəlxalq əlaqələrindən danışan S.Orucov  qeyd edib ki, təşkilat  Rusiyanın “Vahid Rusiya” Partiyasının gənclər qolu olan “Gənclər Qvardiyası” ilə geniş əməkdaşlığa malikdir. Azərbaycanla Rusiya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu  deyən S.Orucov qarşılıqlı əlaqələrin bütün sahələri əhatə etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, əlaqələrin inkişafında hər iki dövlətin prezidentlərinin dostluq münasibətləri də xüsusi rol oynayır.

Yeni Azərbaycan Partiyası ilə “Vahid Rusiya” Partiyası arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən YAP GB-nin sədri  iki ölkənin hakim partiyalarının gəncləri arasında əməkdaşlığının genişlənməsinin əhəmiyyətini vurğulayıb. Onun  fikrincə, “Gənclər Qvardiyası” təşkilatının nümayəndə heyətinin Azərbaycana səfəri bu önəmin göstəricisidir. S.Orucov qeyd edib ki, gənclərin qarşılıqlı əlaqələrinin genişlənməsi bütövlükdə iki ölkə arasında münasibətlərin güclənməsində də vacib rol oynayır.

Daha sonra konfransda MGER tərəfindən hazırlanmış “Qəhrəmanlıq zamanı deyil” sənədli filmi nümayiş olunub.

MGER-in Koordinasiya Şurasının üzvü, təşkilatın Tatarıstan regional şöbəsinin rəhbəri Dinar Bariyev tədbirdə çıxışı zamanı filmin əhəmiyyətindən danışarkən qeyd edib ki, bu film gənc qəhrəmanlardan bəhs olunur. Belə ki, bu gənclərin etdikləri fədakarlıqlar özünüreklam məqsədi güdmür, əksinə bir insanlıq nümunəsidir. Bu baxımdan, film maarifləndirici əhəmiyyətə malikdir.

Dinar Bariyev Azərbaycanla Rusiyanın strateji tərəfdaş olmaqla yanaşı, həm də dost ölkələr olduğunu diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyası ilə “Vahid Rusiya” Partiyasının əməkdaşlığının əhəmiyyətindən danışan D.Bariyev qeyd edib ki, hər iki partiyanın gəncləri arasında da sıx dostluq münasibətləri mövcuddur. O bildirib ki, nümayəndə heyətinin tərkibində təşkilatın müxtəlif regionlar üzrə strukturlarının rəhbər şəxsləri təmsil olunur. Bu da partiyaların gəncləri arasında dostluq münasibətinin göstəricisidir. D.Baniyev gənclər arasında əlaqələrin daha da inkişaf etdirilməsinə maraqlı olduqlarını söyləyib. Çünki bu əlaqələrin inkişafı hər iki ölkənin maraqlarına uyğundur.

O, həmçinin MGER-in fəaliyəti haqqında konfrans iştirakçılarına geniş məlumat verib.

Konfransda digər çıxış edənlər də, Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafında gənclərin rolunun əhəmiyyətini vurğulayıblar.